Məşhur sənətçi Haluk Leventin rəhbərlik etdiyi "AHBAP" Dərnəyinə qarşı başladılan irimiqyaslı istintaq genişlənir. İstanbul Cümhuriyyət Baş Prokurorluğunun göstərişi ilə keçirilən ikinci dalğa əməliyyatda daha 17 nəfər barəsində gözaltı qərarı verilib. Bununla da istintaq çərçivəsində saxlanılanların sayı sürətlə artmaqdadır.
"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin ən böyük xeyriyyə platformalarından biri olan "AHBAP" Dərnəyi ətrafında qurulan cinayət işi yeni mərhələyə qədəm qoyub.
"Çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıq"
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən idarə olunan istintaq çərçivəsində dərnəyin qurucusu, tanınmış müğənni Haluk Levent başda olmaqla bir qrup şəxs barəsində ağır ittihamlar irəli sürülüb. İstintaq materiallarında şübhəlilərə qarşı "Dərnəklər Qanununa müxalifət", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" (çirkli pulların yuyulması) və "cinayətkar dəstəyə üzv olmaq" maddələri üzrə ittihamlar yer alır.
İlk əməliyyatda Haluk Levent və dərnəklə əlaqəli olan 21 (bəzi mənbələrə görə 22) nəfər nəzarətə alınmışdı. Saxlanılanlar arasında tanınmış vəkil Ece Günerin də olduğu bildirilir. Lakin o, Haluk Leventə sadəcə borc pul verdiyini, bu vəsaiti bir ildən sonra geri aldığını və dərnəklə rəsmi hüquqi əlaqəsinin olmadığını bəyan edib.
Bu gün reallaşan ikinci dalğa əməliyyatla dərnəyin fəaliyyətində və maliyyə dövriyyəsində əli olduğu iddia edilən daha 17 nəfər saxlanılıb. Bununla da istintaq çərçivəsində nəzarətə alınanların ümumi sayı 38-ə yüksəlib.
Milyonlarla dollarlıq şübhəli pul hərəkətləri
İstintaqın əsasını Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Kurulunun (MASAK) hazırladığı xüsusi hesabat təşkil edir. Müfəttişlərin dərnək və onun rəhbər heyətinin bank hesablarında apardıqları araşdırmalar zamanı həyatın adi axarına uyğun gəlməyən nəhəng pul hərəkətləri aşkar edilib:
Dərnəklə bağlı olan bəzi şəxslərin hesabat dövründə yüz milyonlarla lirəlik (və ekvivalentində xarici valyuta) pul çıxışları qeydə alınıb;
Maliyyə ekspertləri qeyd edirlər ki, 2020-ci ildən bəri dərnək üzvlərinin şəxsi profilləri və rəsmi gəlirləri ilə heç bir şəkildə uzlaşmayan fantastik məbləğlər dövriyyəyə buraxılıb, dərnək vəsaitləri şəxsi və kommersiya məqsədləri üçün istifadə olunub.
İkinci dalğa çərçivəsində həmçinin dərnəklə əlaqəsi olan 4 böyük şirkətin aktivlərinə və əmlakına əl qoyulduğu bildirilir. Əməliyyatların coğrafiyası təkcə İstanbulu deyil, İzmir başda olmaqla digər böyük şəhərləri də əhatə edir.
Baş verənlər Türkiyə cəmiyyətində və siyasi mühitində şok effekti yaradıb. Xüsusilə Kahramanmaraş zəlzələsindən sonra milyardlarla lirə ianə toplayan və dövlət qurumlarına paralel olaraq yardım fəaliyyətləri təşkil edən "AHBAP"a qarşı bu cür genişmiqyaslı əməliyyatın keçirilməsi ciddi müzakirələrə yol açıb.
Haluk Levent isə sosial şəbəkə vasitəsilə qısa açıqlama yayaraq özünə və dərnəyinə güvəndiyini bildirib. O, "Asıl bombanı gözləyin!" ifadəsini işlədərək, irəli sürülən bütün ittihamları təkzib edəcək sənədləri və faktları məhkəmədə təqdim edəcəyinə işarə vurub.
Hazırda İstanbul Polis İdarəsində saxlanılan şəxslərin dindirilməsi davam edir.
Ekspertlər hesab edirlər ki, bu istintaq Türkiyədə qeyri-hökumət təşkilatlarının maliyyə şəffaflığı və dövlətin xeyriyyə fondları üzərindəki nəzarət mexanizmləri ilə bağlı ciddi hüquqi nəticələrə səbəb olacaq.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər