Avropa İttifaqı (Aİ) və Böyük Britaniya bu gün Cəbəllütariqin statusu haqqında müqavilə imzalayaraq, "Brexit"dən sonra Britaniyanın dəniz ərazisi ətrafındakı məsələnin həlli üzrə 4 ildən çox davam edən danışıqlar prosesini yekunlaşdırıb.
"AzPolitika" xəbər verir ki, razılaşma iyulun 15-dən etibarən müvəqqəti qüvvəyə minəcək.
Brüsseldə Britaniyanın Avropa işləri üzrə naziri Stiven Dauti və Avropa Komissarı Maroş Şefçoviç tərəfindən imzalanan müqavilə Birləşmiş Krallığın Aİ-dən çıxmasından sonra Aİ, Böyük Britaniya və Cəbəllütariq arasında münasibətlərin hüquqi bazasının formalaşmasını başa çatdırır.
Britaniya hökumətinin bəyanatına əsasən, razılaşma insanlar və yüklər üçün Cəbəllütariq və İspaniya arasındakı sərhədin maneəsiz keçilməsini təmin edəcək, biznes və ərazi sakinləri üçün daha böyük müəyyənlik yaradacaq, həmçinin iqtisadi artım üçün yeni imkanlar açacaq.
Eyni zamanda, London vurğulayır ki, müqavilə Cəbəllütariq üzərində Britaniya suverenliyini qoruyur və Britaniya hərbi obyektlərinin muxtar fəaliyyətinə zəmanət verir.
"Brexit"dən sonra Cəbəllütariq Böyük Britaniya və Aİ arasında Ticarət və Əməkdaşlıq Sazişinə daxil edilib, bu da sərt sərhəd nəzarətinin tətbiq olunması riskini yaradırdı. Hər gün İspaniya və Cəbəllütariq arasındakı quru sərhədini təxminən 15 min insan keçir, bu da ərazinin işçi qüvvəsinin yarısından çoxunu təşkil edir.
"Bu tarixi razılaşma Cəbəllütariq sakinləri və biznesi üçün müəyyənliyi təmin edir, Britaniya suverenliyini və bizim hərbi obyektlərimizi qoruyur", - Dauti bildirib.
Britaniya XİN-in məlumatına görə, müqavilə Cəbəllütariq hökuməti və parlamenti tərəfindən yekdil dəstək alıb.

Şərhlər