İran və Amerika Birləşmiş Ştatları arasındakı onsuz da gərgin olan münasibətlər tamamilə qopma nöqtəsinə gəlib. Tehran rəhbərliyi Vaşinqtonla əldə olunmuş hərbi əməliyyatların dayandırılmasına dair memorandumu rəsmən qüvvədən düşmüş elan edib.
"AzPolitika" xəbər verir ki, mövzu ilə bağlı İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezai dövlət teleradio şirkəti IRIB-ə verdiyi müsahibədə bildirib ki, ABŞ tərəfi razılaşmanın şərtlərini kobud şəkildə pozub.
Rezainin sözlərinə görə, Ağ Evin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi və strateji əhəmiyyətli Hörmüz boğazında blokada yaratmaq cəhdləri bu sazişi tamamilə əhəmiyyətsiz edib və Tehranın geri addım atmaq niyyəti yoxdur.
Eyni zamanda İranın daxili siyasi arenasında da Vaşinqtona qarşı kəskin etiraz dalğası baş qaldırıb.
Ölkə mətbuatının yaydığı son məlumatlara görə, İran parlamentinin 180 deputatı ABŞ ilə imzalanmış qarşılıqlı anlaşma memorandumunun dərhal və tamamilə ləğv edilməsini tələb edir.
Deputatlar qəbul etdikləri birgə bəyanatda təkcə sazişin ləğvi ilə kifayətlənməyərək, ali lider Əli Xamenei üçün qisas alınmasını, ABŞ ilə aparılan gizli danışıqların gedişatını araşdıracaq xüsusi təhqiqat komissiyasının yaradılmasını və İran ordusuna dövlət tərəfindən hərtərəfli dəstək verilməsini tələb ediblər.
Parlamentarilərin ən diqqətçəkən addımı isə dünya neft ticarətinin mühüm qovşağı olan Hörmüz boğazının birbaşa İran tərəfindən idarə edilməsini nəzərdə tutan yeni qanun layihəsinin qəbulu ilə bağlı çağırışları olub. Bu gəlişmələr regionda hərbi qarşıdurma riskini ən yüksək həddə çatdırıb.
"AzPolitika.info"

Şərhlər