Yaxın Şərqdə regional qarşıdurma yeni və təhlükəli mərhələyə qədəm qoyub. İyulun 14-ü axşam saatlarında İran Küveyt və Bəhreyndəki hərbi hədəflərə, o cümlədən ABŞ-nin hərbi bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı zərbələr endirib.

"AzPolitika"xəbər verir ki, bu barədə hər iki ölkənin hərbi rəhbərliyi və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin açıqlamasına görə, hava hücumundan müdafiə sistemləri İran tərəfindən atılan 1 ballistik raket, 5 qanadlı raket və 33 PUA-nı aşkar edərək zərərsizləşdirib. Zərbələr nəticəsində Küveyt Hərbi Dəniz Qüvvələrinin 4 hərbi qulluqçusunun yaralandığı bildirilir. Vurulan aparatların qalıqlarının yerə düşməsi nəticəsində infrastruktur və hərbi obyektlərə ciddi maddi ziyan dəyib.

Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən və ABŞ tərəfindən istifadə olunan "Şeyx İsa" aviabazasına raket zərbələri endirdiyini bəyan edib. Tehran iddia edir ki, Küveytdəki aviabazanın uçuş-enmə zolağına endirilən zərbələr nəticəsində ABŞ-yə məxsus bir neçə PUA sıradan çıxarılıb.

İran rəsmiləri bu hücumları "ABŞ ordusunun İranın sahilyanı hərbi obyektlərinə təcavüzkar hücumlarına cavab" adlandırıb və ABŞ-nin müdaxiləsi dayandırılana qədər Hörmüz boğazının bağlı qalacağını bir daha bəyan ediblər.

Pentaqonun regional komandanlığı olan CENTCOM isə iyulun 14-ü axşam saatlarında İrana qarşı yeni zərbələr dalğasına başladıqlarını elan edib. Bu, ABŞ-nin son dörd gündə ardıcıl olaraq həyata keçirdiyi dördüncü genişmiqyaslı hava hücumudur.

CENTCOM-un bəyanatında qeyd olunur ki, əməliyyatın əsas məqsədi İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə mane olmaq və təhlükə yaratmaq imkanlarını tamamilə sıradan çıxarmaqdır.

ABŞ hərbi rəhbərliyi, həmçinin İrana qarşı tətbiq edilən dəniz blokadasının Bakı vaxtı ilə iyulun 14-ü saat 00:00-dan etibarən yenidən qüvvəyə mindiyini açıqlayıb. Rəsmi məlumata görə, blokadanın icrasına 20-dən çox hərbi gəmi və yüzlərlə döyüş təyyarəsi cəlb olunub.

İranın yerli media resursları isə ölkənin cənub bölgələrində, xüsusilə strateji əhəmiyyətli liman şəhərlərində güclü partlayış səslərinin eşidildiyini xəbər verir. Bölqədə gərginlik artmaqda davam edir.

"AzPolitika.info"