Rusiyada bu yaxınlarda "xarici agent" elan edilən müxalif siyasətçi Boris Nadejdin ailəsində ölkədən getmək barədə ciddi müzakirələrin başladığını açıqlayıb. Siyasətçi hazırda çətin seçim qarşısında olduğunu və həbs edilən, daha sonra isə həbsxanada vəfat edən Aleksey Navalnının taleyini təkrarlamaq istəmədiyini bildirib.

"AzPolitika" xəbər verir ki, bu barədə B.Nadejdin "The Breakfast Show" yutub kanalının efirində danışıb.

Müxalif siyasətçi mühacirət ideyasının daha çox ailə üzvləri tərəfindən irəli sürüldüyünü qeyd edib"Ailəm bərk qorxuya düşüb. Evdə tam bir dəhşət yaşanır. Çox ağır sualdır, hazırda bunu müzakirə edirik. Bundan sonra necə hərəkət edəcəyimi düşünürəm, çünki vəziyyət həqiqətən mürəkkəbdir. Mən ən azı Aleksey Navalnının yolunu təkrarlamaq istəyirəm".

"Meduza" nəşrinə verdiyi şərhdə isə Nadejdin hazırda önündə iki yolun - "Lenin yolu" və ya "Navalnı yolu" olduğunu vurğulayıb: "Lenin mühacirətə getdi, 10 il xaricdə yaşadı, sonra geri qayıdıb ölkənin lideri oldu. Navalnı isə qayıtmağa qərar verdi və onun başına nələrin gəldiyini hamımız bilirik".

Rusiyanı tərk etmək istəmədiyini deyən siyasətçi, azadlığına real təhlükə yaranacağı təqdirdə mühacirət variantını mütləq dəyərləndirəcəyini əlavə edib.

Xatırladaq ki, Boris Nadejdin bu ilin iyun ayında payızda keçiriləcək parlament seçkilərində Dövlət Dumasına namizədliyini irəli sürəcəyini bəyan etmişdi. Lakin iyulun 10-da Rusiya Ədliyyə Nazirliyi onu "xarici agentlər" siyahısına daxil edib.

Bundan cəmi üç gün sonra – iyulun 13-də isə asayiş keşikçiləri siyasətçini saxlayıblar. Buna səbəb onun teleqram kanalında 2023-cü ildə paylaşılmış bir videoda 10 saniyə ərzində Aleksey Navalnının fotosunun görünməsi olub. Bu, Rusiya qanunvericiliyinə görə, "ekstremist simvolların nümayişi" kimi qiymətləndirilib.

Nadejdin vəkillərinin rəyinə əsaslanaraq bildirib ki, güc strukturları onu inzibati qaydada həbs etməyi planlaşdırsalar da, son anda hansısa prosedur problemi yaranıb və məhkəmə iyulun 17-si, cümə gününə təxirə salınıb. Vəkilləri isə siyasətçiyə həmin məhkəmə iclasına getməməyi məsləhət görürlər.

Qeyd edək ki, Ukraynadakı müharibənin əleyhdarı kimi tanınan keçmiş deputat Boris Nadejdin 2024-cü ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürməyə cəhd etsə də, rəsmi qurumlar müxtəlif bəhanələrlə onun qeydiyyatından imtina etmişdilər. 

Rasim

"AzPolitika.info"