Krasnodar diyarının Temryuk rayonunda Azov dənizindəki liman yaxınlığında yeni neft ləkəsinin əmələ gəlməsindən sonra sahil xəttində neft dağılmaları aşkar edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında Kuban regional fövqəladə hallar qərargahının məlumatı yayımlanıb.
Məlumatda deyilir ki, sahil boyunca təxminən 5-6 kilometr uzunluğunda neft ləkəsi aşkar edilib. Hakimiyyət orqanları ərazidə fövqəladə vəziyyət elan edib və regional Fövqəladə Hallar Nazirliyinin 69 əməkdaşı, könüllüləri və doqquz texnikanı neftlə çirklənmiş torpağı və "çirklənmiş yosun dəstələrini" təmizləmək üçün səfərbər edib.
Bundan əlavə, çirklənmiş ərazidən cəmi 500 metr məsafədə Taman-Zaporijye Təbiət Qoruğu var ki, burada da köç zamanı 1 milyona qədər quş dayanır.
Eləcə də Azov sahilindəki Primorsko-Axtarski rayonunda tankerlərdən dağılan neftin təmizlənməsi üçün 125 nəfər və 20 ədəd texnika cəlb edildiyi bildirilir. İyulun əvvəlində batmış Volgoneft-239 tankerinin yaxınlığında yeni neft dağılmaları qeydə alınıb.
Analitiklər qeyd ediblər ki, ərazidə yaranan yağlı təbəqə 2024-cü ilin dekabr ayında Kerç boğazında batan gəmidən sızma nəticəsində əmələ gəlmiş ola bilər.
Eləcə də Ukrayna dronları tərəfindən hücuma məruz qalan Azov dənizindəki gəmilərdən axan neft məhsulları ərazini təbii fəlakət astanasına gətirib.
“AzPolitika.info”

Şərhlər