Yay aylarında Bakı metrosundan istifadə edən minlərlə sərnişinin ən çox narazılıq etdiyi məsələlərdən biri köhnə tipli vaqonlarda kondisioner sisteminin olmamasıdır. Xüsusilə pik saatlarda vaqonlarda yaranan yüksək temperatur və havasızlıq sərnişinlərin narahatlığına səbəb olur. Son illərdə metro parkı mərhələli şəkildə yenilənsə də, kondisionersiz qatarlar hələ də istismardadır.
Bəs bu vaqonlar nə vaxt tamamilə xətdən çıxarılacaq və onları yeni nəsil qatarlar əvəz edəcək?
"AzPolitika" xəbər verir ki, Oxu.Az məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, vaqon parkının yenilənməsi QSC-nin inkişaf strategiyasının əsas istiqamətlərindəndir və davamlı prosesdir:
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində vaqon parkının yenilənməsi davam etdiriləcək. Həmin proqrama uyğun olaraq 2030-cu ilə qədər 300-dək yeni vaqonun alınması planlaşdırılıb. Bununla əlaqədar ötən dövr ərzində dünyanın müxtəlif aparıcı istehsalçıları ilə texniki məsələlərə dair geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb. Yeni vaqonların alınması ilə əlaqədar texniki şərtlər toplusu hazırlanıb. Qanunvericiliyin tələblərinə əsasən, cari ilin sonundan istehsalçının müəyyən edilməsi prosedurlarına başlanılacaq.
Yeni vaqonların alınması yeni stansiyaların istehsalı ilə əlaqədar yaranacaq zəruri tələbata, habelə istismar müddətini başa vuran vaqonların yenilənməsinə uyğun aparılacaq. Onların 2028-ci ildən başlayaraq Bakıya gətirilməsi nəzərdə tutulub".
Kondisionersiz köhnə vaqonlarda yay mövsümündə temperaturun azaldılması üçün hansı tədbirlər görülməsi məsələsinə gəldikdə, qurumdan qeyd olunub ki, bu vaqonlarda soyutma sistemlərinin quraşdırılması texniki cəhətdən mümkün deyil: "Bununla belə davamlı yenilənmə prosesinə uyğun olaraq, hazırda vaqon parkında olan qatarların 50 faizdən çoxu artıq yeni nəslə mənsubdur. Həmçinin yeni vaqonlar sifariş edilərkən texniki şərtlərdə onların yalnız 4-cü nəslə mənsub olması, o cümlədən Bakının iqlim xüsusiyyətlərinə uyğun soyutma sistemləri ilə təchiz edilməsi mütləq qaydada nəzərə alınacaq".
"AzPolitika.info"

Şərhlər