Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycan paytaxtına etdiyi səfər, Aİ ilə Azərbaycan arasındakı münasibətlərin daha geniş miqyasda yenidən qurulmasının bariz göstəricisidir. Bu yeni mərhələdə Bakı həm enerji təhlükəsizliyi, həm də "Orta Dəhliz" vasitəsilə nəqliyyat əlaqələrinin təmin edilməsində strateji tərəfdaşa çevrilir.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu analitik mərkəzi "Jamestown Foundation" yazır.
Müəlliflərin fikrincə, Brüssel nümayəndələri ölkəyə konkret maliyyə öhdəlikləri və bəyanatlarla gəliblər. Bu addımlar Avropanın Rusiya qazından imtina etdiyi bir şəraitdə, Azərbaycanı enerji tədarükünün şaxələndirilməsində mərkəzi rol oynayan, etibarlı və əvəzedilməz bir tərəfdaş kimi gördüyünü nümayiş etdirir.
Məqalədə o da vurğulanır ki, bu yenidənqurma prosesi artıq konkret institusional müstəviyə qədəm qoyub. Ötən ildən etibarən Bakı və Brüssel, 1999-cu il tərəfdaşlıq və əməkdaşlıq sazişini əvəz edəcək yeni ikitərəfli sənəd üzərində uzun müddətdir dayandırılmış danışıqları bərpa ediblər. İyulun 2-3-də keçirilən danışıqlar raundunda tərəflər siyasi dialoq, nəqliyyat, energetika, ticarət və rəqəmsal əməkdaşlığı əhatə edən 2026–2030-cu illər üçün tərəfdaşlıq prioritetlərini ilkin olaraq razılaşdırıblar.
Sonda müəlliflər qeyd edirlər ki, yaxın aylarda Azərbaycanın hələ də Avropa İttifaqından gözlədiyi praktiki addımlar atılarsa, bu səfər sadəcə növbəti bəyanat xarakterli dostluq görüşü kimi deyil, Bakı və Brüssel arasında daha möhkəm və balanslaşdırılmış tərəfdaşlığın bərpasının başlanğıcı kimi yadda qalacaq.
"AzPolitika.info"

Şərhlər