Azərbaycanda təəssüf ki, hələ də bəzi qurum rəhbərləri həyata, məşhur filmdə deyildiyi kimi, “ancaq xidməti avtomobillərinin pəncərəsindən baxırlar”. Həmin pəncərədən isə bütün reallıqlar, orta və aşağı təminatlı, məhdud istehlak imkanlı insanların, eləcə də xırda sahibkarların problemləri qətiyyən görünmür...

Son günlər AQTA-nın ölkəyə gətirilən heyvanların nəqli ilə bağlı qoymağa hazırlaşdığı “standartlar” ciddi müzakirələrə səbəb olub. Sahibkarlar, müstəqil ekspertlər, hətta bəzi siyasətçilər də bu məsələ ilə bağlı narazılıqlarını, etirazlarını bildirirlər. Lakin qurum öz mövqeyində israrlıdır. Üstəlik, ötən gün AQTA-nın şöbə müdiri az qala “öldü var, döndü yoxdur” deyib.

O, bu qərarı əsaslandırarkən deyib ki, qeyri-ixtisaslaşmış nəqliyyat vasitələrində tam dezinfeksiyanın aparılması mümkün olmur. Bu isə əvvəl daşınmış heyvanlardan qalan xəstəlik törədicilərinin növbəti heyvanlara keçməsi riskini artırır. Eyni zamanda, belə nəqliyyat vasitələrində zəruri şəraitin təmin olunması çətin olduğundan heyvanlarda stres yaranır, immunitet zəifləyir və müxtəlif xəstəliklərə həssaslıq artır.

O qeyd edib ki, yeni tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına xidmət edir…

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır və növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur.


İstər-istəməz ilk ağla gələn sual bu olur ki, yəni, doğrudanmı bütün sahələrdə beynəlxalq və Avropa standartlarını mənimsəmişik, indi isə qalıb yalnız heyvanların daşınma standartları? Hələ insanları avtobuslarda, ictimai nəqliyyatda insan kimi daşımağı tam öyrənmədiyimiz halda, heyvanların qaydına qalmağa başlamışıqmı?

Əlbəttə, çox istərdik ki, hansı sahəyə baxsaq, beynəlxalq, Avropa standartlarına uyğun idarəçilik, gəlirlər, maaşlar, pensiyalar, biznes mühiti, xidmətlər və s. görək, o cümlədən də heyvan daşınması standartlarını. Ancaq bu, heç də can atdığımız birinci vacib standart olmalı deyil axı. Çünki heyvandan əvvəl insan var!

AQTA, həmin “standartlar” adı altında daha əvvəl ölkə üzrə heyvan satışı bazarlarını bağlamışdı. Heyvanını satmağa yer tapmayan kəndçiyə, fermerə bu minvalla bir müddət zülm verəndən sonra guya həmin bazarlar “standartlar”a uyğunlaşdırıldı və yenidən açılmağa başladı. Əslində isə bu bazarlarda nə qida təhlükəsizliyi standartları, nə də başqa məsələlərdə ciddi şəkildə dəyişən heç nə olmadı. Yalnız artırılan giriş haqqından başqa…

Üstəlik, indi də AQTA hevanların onlayn birjada satılması “ideyası” ilə çıxış edir. Sanki bu qurumun işi-gücü kəndçinin, fermerin, sahibkarın üzərində eksperiment aparmaqdır.

Digər yandan, uzun illərdir Azərbaycanın daxilində AQTA-nın gözü qarşısında heyvanlar həmişəki “qeyri-ixtisaslaşmış” qaydada daşınıb və daşınır. Yəqin, yeni “qaydalar” bir müddət sonra ölkə daxilinə da şamil edilər... Heyvanların stresinin dərdini çəkən AQTA da çox gözəl bilir ki, bütün dünyada, ən inkişaf etmiş ölkələrdə belə heyvanlar arasında xəstəliklər yayıla bilir və bu zaman heyvanı lyuks, hətta son “S KLASS Mersedes”də daşısanız belə, xəstəliyin qarşısnı çox zaman almaq olmur.


AQTA-nın məqsədi aşağı-yuxarı bəllidir və bu məqsəd onun indiyə qədərki fəaliyyətində özünü açıq-aşkar əks etdirib. Bu qurum onsuz da əl qoyduğu bütün sahələrdə sahibkarları sıxmaq, cərimələmək, bahalı analiz qiymətləri tətbiq etmək və s. hesabına büdcəsini doldurmaqla məşğuldur. Ekspertlərin fikrincə, indiki “heyvan-stress-maşın” məsələsi də ya əlavə qazanc əldə etmək, ya da hansısa inhisarçının sifarişini yerinə yetirmək üçündür.

Bir sözlə, bu AQTA kimin “əmisi oğludur” bilmirik, amma, əhalinin, kiçik sahibkarın “əmisi oğlu” olmadığı dəqiqdir...

Kimsə bu qurum rəhbərliyinə deməlidir ki, nə onun AQTA-sının, nə də başqa bir təşkilatın kənd təsərrüfatına, yaxud digər sahəyə bu cür aşırı müdaxiləsi yolverilməzdir, ziyanlıdır, təhlükəlidir! Heyvanları “stresdən çıxarıb”, insanları stresə soxmaq olmaz...

Cəlal Məmmədli

“AzPolitika.info”