Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Prezident Volodimir Zelenskinin baş nazir vəzifəsinə Sergey Koretskinin namizədliyini irəli sürdüyünü bəyan edib.

Xəbər verilir ki, iyulun 14-də Ali Rada Baş nazir Yuliya Sviridenkonun istefasını qəbul edib. Ukrayna qanunvericiliyinə əsasən, baş nazirin istefası avtomatik olaraq bütün hökumətin (Nazirlər Kabinetinin) tam tərkibdə istefası deməkdir. Qeyd edək ki, Y.Sviridenko 17 iyul 2025-ci il tarixdən bu vəzifəni icra edirdi.

Ukraynalı deputat Yaroslav Jeleznyakın sözlərinə görə, baş nazir postuna mümkün namizədlər arasında energetika naziri Denis Şmıqal, müdafiə naziri Mixail Fedorov və Xarkov şəhərinin meri İqor Terexovun da adları müzakirə olunub. Lakin Prezident Zelenski apardığı məsləhətləşmələrdən sonra "Naftoqaz" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretskinin bu vəzifəyə ən uyğun namizəd olduğu qənaətinə gəldiyini açıqlayıb.

Yeni Baş nazirin təsdiqlənməsi və hökumətin formalaşdırılması ilə bağlı parlamentdə səsvermə bu gün baş tutacaq.

İlkin məlumatlara görə, Ukraynanın Xarici İşlər naziri Andriy Sibiqa öz postunu qoruyub saxlayacaq, lakin Nazirlər Kabinetinin digər mühüm və strateji mövqelərində ciddi kadr dəyişikliklərinin baş verəcəyi gözlənilir.

Rasim

“AzPolitika.info”