2024-cü ilin prezident seçkilərində müharibə əleyhinə bəyanatları ilə tanınan və son günlərdə Rusiyada ciddi təzyiqlərlə üzləşən müxalif siyasətçi Boris Nadejdinə qarşı növbəti qadağa tətbiq edilib.

"AzPolitika" xəbər verir ki, siyasətçinin ölkədən çıxışına rəsmən məhdudiyyət qoyulub. Bu barədə o, özünün "Telegram" kanalında məlumat paylaşıb.

Siyasətçinin sözlərinə görə, gecə saatlarında "Gosuslugi" (Dövlət Xidmətləri) portalı vasitəsilə ona ölkədən çıxışın qadağan edilməsi barədə qərar göndərilib: "Vəkillərlə birlikdə məsələni araşdırırıq. Qərarın qanunsuz olduğunu deyirlər. Şikayət edəcəyik", - deyə Nadejdin bildirib. Qadağanın rəsmi səbəbi kimi onun təxminən 1,5 milyon rubl həcmində olan borcları göstərilsə də, hüquqşünaslar siyasətçinin hazırda müflisləşmə prosedurunda olduğunu və bu mərhələdə məhkəmə icraçılarının belə bir qadağa qoymaq hüququnun olmadığını vurğulayırlar.

Xatırladaq ki, cari ilin sentyabrında keçiriləcək Dövlət Dumasına seçkilərdə iştirak etmək üçün imza toplamağa başlayan Nadejdinə qarşı son bir həftədə hakimiyyətin bütün rıçaqları işə salınıb.

İyulun 10-da Rusiya Ədliyyə Nazirliyi Nadejdini rəsmən "xarici agent" elan etdi. Mövcud qanunvericiliyə görə, bu statusu daşıyan şəxslərin seçkilərdə namizəd kimi iştirakı qadağandır.

3 gün sonra isə müxalif siyasətçi Moskva ətrafında polis tərəfindən saxlanıldı. Onun barəsində sosial şəbəkələrdə Aleksey Navalnının fotosu olan material paylaşdığı üçün "ekstremist simvolların nümayişi" ittihamı ilə inzibati protokol tərtib olundu. Bu maddə üzrə məhkəmə məsuliyyəti də bir il müddətinə seçilmək hüququndan məhrumetmə ilə nəticələnir.

Ardı-ardına gələn bu hüquqi və siyasi basqılardan sonra Boris Nadejdin Rusiyanı tərk etmək məsələsini ailə daxilində müzakirə etdiklərini etiraf edib. O, müstəqil mediaya verdiyi açıqlamada bildirib ki, ailə üzvləri tam bir dəhşət və qorxu içindədir. 63 yaşlı siyasətçi real həbs təhlükəsi ilə üz-üzə qaldığını, səhhətinin və yaşının isə həbsxana şəraitinə tab gətirməyə biləcəyini gizlətməyib. Bununla belə, o, imkan daxilində fəaliyyətini Rusiyada davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Siyasi ekspertlərin fikrincə, Kremlin Nadejdinə qarşı tətbiq etdiyi bu "üçlü kəmər" taktikası (xarici agent statusu, ekstremizm ittihamı və ölkədən çıxış qadağası) müharibə əleyhdarı olan yeganə leqal fiqurun parlament seçkiləri ərəfəsində tamamilə neytrallaşdırılmasına hesablanıb.

Rasim

"AzPolitika.info"