ABŞ kəşfiyyat qurumları 2020-ci il prezident seçkiləri ərəfəsində Almaniyanın sabiq kansleri Angela Merkelin Donald Trampın yenidən prezident seçilməsini istəmədiyi qənaətində olublar.
"AzPolitika" xəbər verir ki, bu barədə Ağ Evin iyulun 16-da məxfilikdən çıxardığı və 2020-ci ilin avqustunda hazırlanmış ABŞ Milli Kəşfiyyat Şurasının hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, Merkel iki lider arasında şəxsi fikir ayrılıqları və Tramp administrasiyasının siyasətinin Almaniya, Avropa İttifaqı və NATO-nun geosiyasi vəziyyətini çətinləşdirdiyinə dair düşüncələri səbəbindən onun yenidən seçilməsini arzulamayıb.
“Merkel demək olar ki, şübhəsiz olaraq Trampın yenidən prezident seçilməməsinə üstünlük verirdi”, – hesabatda vurğulanır.
Məruzədə həmçinin bildirilir ki, Almaniyanın sabiq kansleri Tramp administrasiyasının COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini tənqid edib. Bundan əlavə, onun Avropa liderləri ilə qapalı videokonfrans zamanı 2020-ci il ABŞ prezident seçkilərini Avropa İttifaqı üçün “risk amili” adlandırdığı qeyd olunur.
Qeyd edək ki, 2020-ci il prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlib. Donald Tramp isə seçkilərdən sonra dəfələrlə səsvermə zamanı pozuntular baş verdiyini iddia edib.

Şərhlər