Rusiya Prezidenti Vladimir Putinin və azı altı rusiyalı milyarderin istifadəsində olan lüks yaxtaların Türkiyənin Bodrum yaxınlığındakı cənub sahillərində toplaşdığı bildirilir.
"AzPolitika" Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Putin və ailəsinin istifadə etdiyi 71 metrlik "Victoria" yaxtası iyunun 26-dan etibarən Bozbük kəndi yaxınlığında lövbər salıb. Dəyərinin 30-50 milyon dollar arasında olduğu bildirilən yaxta əvvəllər Soçidə yerləşib və rəsmi olaraq Putinin yaxın dostu, rusiyalı iş adamı Gennadi Timçenkoya bağlı şirkətlərdən birinin adına qeydiyyata alınıb. Gəmi iyunun sonunda Krasnodar diyarını tərk edərək Bosfor boğazından keçib və Türkiyə sahillərinə istiqamət alıb. Hazırda yaxta beşulduzlu otelin çimərliklərindən cəmi 400 metr məsafədə dayanır.

Bildirilir ki, "Victoria"nın yerləşdiyi ərazidən 150 kilometrlik radiusda Rusiyanın tanınmış oliqarxlarına və yüksək vəzifəli şəxslərinə aid olduğu deyilən digər yaxtalar da var. Putinin yaxtasından təxminən 800 metr aralıda rusiyalı milyarder Roman Abramoviçin 55 metrlik "Rhea" yaxtası yerləşir. Təxminən 30 kilometr məsafədə isə VTB Bankının rəhbəri Andrey Kostin və teleaparıcı Nailə Əsgərzadənin istifadə etdiyi bildirilən 62 metrlik "Serenity & Unity" yaxtası lövbər salıb.
Bundan başqa, bölgədə "Lukoyl"un sabiq rəhbəri Vahid Ələkbərova aid olduğu deyilən 80 metrlik "Genesis", iş adamı Aleksandr Nesisin 82 metrlik "Romea", oliqarx Oleq Deripaskanın 73 metrlik "Altair", eləcə də İsgəndər Mahmudovla əlaqələndirilən 73 metrlik "Predator" yaxtalarının da müşahidə edildiyi qeyd olunur.
Mənbənin məlumatına əsasən, ümumilikdə Vladimir Putinlə əlaqələndirilən doqquz yaxta mövcuddur.
Onlardan biri də təxminən 100 milyon dollar dəyərində qiymətləndirilən 80 metrlik "Graceful" yaxtasıdır.

Bildirilir ki, iyulun əvvəlində Ukrayna pilotsuz uçuş aparatlarının mümkün hücumları səbəbindən bu yaxta Baltik dənizindən Rusiyanın Şimal Donanmasının əsas bazası olan Severomorsk şəhərinə köçürülüb.
"Graceful" yaxtasının Baltik və Şimal dənizləri boyunca hərəkəti zamanı onu Rusiya Hərbi Dəniz Qüvvələrinin esminesi və "Voevoda" sinfinə aid gəmi müşayiət edib. Marşrut Almaniya Sahil Mühafizəsi və Danimarka Hərbi Dəniz Qüvvələrinin nəzarəti altında izlənilib. Norveç sahillərini keçdikdən sonra gəmilər transponderlərini söndürsələr də, iyulun 5-nə aid peyk görüntülərində "Graceful" və "Voevoda"nın Severomorskdan təxminən 70 kilometr aralıda yerləşən hərbi bazada dayandığı əks olunub.
"AzPolitika.info"

Şərhlər