Azərbaycanda son illər sosial təminat sahəsində maraqlı bir tendensiya müşahidə olunur. Ölkədə yaşlı əhalinin sayı artdığı halda, yaşa görə əmək pensiyası alanların sayı nisbətən azalır. Eyni zamanda, pensiya hüququ əldə edə bilməyən və yaşa görə aylıq sosial müavinət alan vətəndaşların sayı isə artmaqdadır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) statistikası göstərir ki, son illərdə aparılan pensiya islahatları, o cümlədən pensiya yaşının mərhələli şəkildə artırılması və pensiya hüququ üçün müəyyən edilmiş tələblər bu sahədə yeni mənzərə formalaşdırıb.
Rəsmi məlumatlara əsasən, 2018-ci ildə yaşa görə əmək pensiyası alanların sayı təxminən 782 min nəfər olduğu halda, sonrakı illərdə bu göstərici tədricən azalıb və hazırda 710 min nəfər ətrafındadır.
Bununla yanaşı, yaşa görə aylıq sosial müavinət alanların sayı artmaqdadır. Belə ki, 2021-ci ildə bu kateqoriyada 108 min nəfər olduğu halda, 2024-cü ilin sonunda onların sayı 156 min nəfəri ötüb. 2025-ci ilin ortalarında bu göstərici 166,9 min nəfərə, DSMF-nin son statistik məlumatına əsasən isə cari ilin ilk altı ayında 176 399 nəfərə çatıb.
Mütəxəssislər bu dinamikanı bir neçə amillə izah edirlər.
Onların fikrincə, hazırda pensiya yaşına çatan vətəndaşların əmək fəaliyyəti əsasən 1990-cı illərin və 2000-ci illərin əvvəllərinə təsadüf edib. Həmin dövrdə qeyri-rəsmi məşğulluğun geniş yayılması səbəbindən bir çox şəxslərin tələb olunan sığorta stajı tam formalaşmayıb.
Digər mühüm amil pensiya hüququ üçün tələb olunan minimum pensiya kapitalıdır. Minimum pensiyanın artırılması ilə yanaşı, tələb olunan sığorta kapitalının məbləği də yüksəlir. Bu isə uzun illər aşağı və ya orta əməkhaqqı ilə çalışan bəzi vətəndaşların pensiya hüququ əldə etməsini çətinləşdirə bilir.
Qanunvericiliyə əsasən, pensiya hüququ yaranmayan hallarda vətəndaşlara yaşa görə aylıq sosial müavinət təyin edilir. Son illərdə bu proses elektron və proaktiv qaydada həyata keçirilir.
Mövzu ilə bağlı ekspertlər hesab edirlər ki, gələcəkdə qeyri-rəsmi məşğulluğun daha da azalması, əmək münasibətlərinin tam rəsmiləşdirilməsi və sosial sığorta sistemində iştirakın genişləndirilməsi uzunmüddətli perspektivdə yaşa görə pensiya hüququ qazanan şəxslərin sayına müsbət təsir göstərə bilər.
Onların fikrincə, bu istiqamətdə aparılan islahatların davam etdirilməsi ilə yanaşı, pensiya hüququ əldə edə bilməyən yaşlı vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi də aktual məsələlərdən biri olaraq qalır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər