"Moody's Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqləri ilə bağlı növbəti planlı qiymətləndirməni başa çatdırıb.

"AzPolitika" xəbər verir ki, reytinqlərin növbəti planlı qiymətləndirməsi reytinq komitəsinin iclası çərçivəsində aparılıb. İclasda tətbiq olunan baza metodologiyası və aktual hadisələr nəzərə alınmaqla reytinqlərin əsaslandırılması yenidən qiymətləndirilib.

"Bu qiymətləndirmə reytinq üzrə hər hansı qərarın elan edilməsi mənasına gəlmir və yaxın perspektivdə belə bir qərarın qəbul ediləcəyi ehtimalını göstərmir", - agentlik qeyd edib.

Məlumata görə, Azərbaycanın reytinqləri, o cümlədən emitentin "Baa3" səviyyəsində olan uzunmüddətli reytinqi, Dövlət Neft Fondunun (ARDNF) idarəçiliyindəki iri maliyyə aktivləri hesabına formalaşmış dövlətin əhəmiyyətli xalis kreditor mövqeyinə əsaslanır. Bu aktivlər hökumət üçün güclü maliyyə təhlükəsizlik yastığı yaradır, likvidlik risklərini və xarici həssaslığı minimuma endirir.

"Pul və makroiqtisadi siyasətin təkmilləşdirilməsi xarici mövqelərin sabitliyinə və maliyyə sektorunun şoklara qarşı dayanıqlığına kömək edir, fiskal buferlərin rasional tətbiqi isə əks-tsiklik xərclər imkanını təmin edir və hökumətin büdcə və borc parametrlərinin mümkün pisləşməsinin qarşısını alır.

İqtisadiyyatın karbohidrogen sektorundan yüksək asılılığının davam etməsi onun kənar şoklara davamlılıq qabiliyyətini məhdudlaşdırır. Bununla belə, iqtisadiyyatın şaxələndirilməsi prosesi sürətlənir. Cari ildə Azərbaycanın iqtisadi dinamikası mülayim olaraq qalıb: birinci rübdə real ÜDM illik ifadədə 0,3% azalıb. "İlin ilk beş ayı ərzində real ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə praktiki olaraq dəyişməyib, çünki yataqların ehtiyatlarının tükənməsi nəticəsində neft hasilatında davam edən azalma qeyri-neft fəallığının genişlənməsi ilə yalnız cüzi dərəcədə kompensasiya edilib", - "Moody's" analitikləri vurğulayıb.

Onların fikrincə, əvvəlki illərdə həyata keçirilən bərpa işlərinin həcminin tədricən azalması tikinti sektorunda zəifləməyə səbəb olub. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları sahələri, turizm sənayesi və emal sənayesi əvvəlki kimi iqtisadi artımı dəstəkləməyə davam edir.

"Moody's"in gözləntilərinə əsasən, bu ilin yekunlarına görə ölkədə iqtisadi artım təxminən 1,5 % səviyyəsində qorunub saxlanacaq, ortamüddətli templər isə orta hesabla 2-2,5 % təşkil edəcək, çünki diversifikasiya səyləri, rəqəmsal infrastruktura yatırımlar və regional bağlantı layihələri qeyri-neft sektorunun genişlənməsini dəstəkləyir.

"Dövlət maliyyəsinin idarə edilməsi sisteminin möhkəmləndirilməsi, rəqəmsal texnologiyaların dövlət idarəçiliyinə tətbiqi, eləcə də bank nəzarətinin və büdcəyə nəzarətin təkmilləşdirilməsi sayəsində institusional inkişaf səviyyəsi tədricən yüksəlir. Azərbaycanın büdcə dayanıqlığı ortamüddətli qeyri-neft fiskal konsolidasiyası siyasətinə sadiqliyə əsaslanır. Bu siyasət qeyri-neft gəlirlərinin artırılması və münaqişədən zərər çəkmiş ərazilərin bərpasına xərclərin azalması fonunda dövlət xərclərinin daha təmkinli artımı hesabına qeyri-neft ilkin büdcə kəsirinin azalmasına gətirib çıxarıb. Bununla yanaşı, ARDNF-nin idarəetməsində olan Azərbaycanın böyük fiskal ehtiyatları artmaqda davam edir (2025-ci ildə ÜDM-in 97 %-nə çataraq) və oxşar kredit reytinqinə malik dövlətlər arasında iqtisadiyyatın həcminə nisbətdə ən böyük ehtiyatlardan biri olaraq qalır", - agentliyin məlumatında bildirilib.

Həmçinin proqnozlaşdırılır ki, 2026-cı ildə daha yüksək neft qiymətləri karbohidrogen gəlirlərinin artması və ARDNF-un aktivlərinin daha da toplanması hesabına əlavə daxilolmaları təmin edəcək, bu da hökumətin şoklara davamlılıq qabiliyyətini gücləndirəcək və kifayət qədər büdcə çevikliyini təmin edəcək.

"Bu arada geosiyasi vəziyyət daha əlverişli xarakter alır. Rəsmi olaraq ratifikasiya edilmiş sülh sazişinin olmamasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında genişlənən iqtisadi qarşılıqlı əlaqələr, regional nəqliyyat dəhlizlərinin yaradılmasında irəliləyiş və sülh yolu ilə nizamlanmaya davamlı beynəlxalq dəstək tədricən regional əlaqələri gücləndirir və geosiyasi riskləri azaldır", - "Moody's" vurğulayıb.

Azərbaycanın iqtisadi dayanıqlılıq göstəricisinin "ba1" səviyyəsində olması yaxşılaşan ortamüddətli artım perspektivləri ilə neft-qaz sahəsindən azalan, lakin hələ də əhəmiyyətli olan iqtisadi asılılıq arasındakı balansı əks etdirir. Agentliyin analitikləri hesab edirlər ki, xarici valyutada borcun yüksək payına baxmayaraq, suveren sərvət fondunun aktivləri hökumətin birbaşa borcunu və zəmanətlərini tamamilə əhatə etdiyi üçün, hökumətin "aaa" səviyyəsindəki fiskal dayanıqlılığı dövlətin möhkəm xalis kreditor mövqeyi ilə dəstəklənir.