Teleaparıcı Zamirə Dadaşova sosial şəbəkə hesabında paylaşım edərək "İtaliano Parati" mağazasından şikayətçi olduğunu bildirib.

"AzPolitika" xəbər verir ki, aparıcının sözlərinə görə, o, Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən "İtaliano Parati" mağazasından ümumi dəyəri 2300 manat olan divar kağızları alıb. O iddia edir ki, ödənişləri nağd şəkildə etsə də, ona rəsmi kassa çeki təqdim edilməyib, yalnız qaimə verilib.

Zamirə Dadaşovanın bildirdiyinə görə, aldığı divar kağızlarından biri xarici istehsal adı ilə təqdim olunsa da, sonradan yerli istehsal olduğu məlum olub. Onun sözlərinə əsasən, həmin divar kağızı vurulduqdan sonra bəzi hissələrdə qaralma və rəng dəyişikliyi yaranıb.

Aparıcı qeyd edib ki, məsələ ilə bağlı mağazaya müraciət etdikdən sonra əvvəlcə problemin aradan qalxacağı bildirilib, daha sonra isə mağazanın göndərdiyi mütəxəssis qüsurun divar kağızından qaynaqlandığını təsdiqləyib. İddiasına görə, bundan sonra mağaza rəhbərliyi zərərin qarşılanacağını və problemli divar kağızlarının yenisi ilə əvəz ediləcəyini vəd edib.

Lakin Zamirə Dadaşova bildirib ki, iyulun 16-da mağazanın göndərdiyi ustalar mənzilə gələrək əvvəlki divar kağızlarını söküblər, daha sonra isə onların yenisi ilə əvəz olunmayacağını deyiblər.

Teleaparıcı paylaşımında mağaza nümayəndələrinin kobud davrandığını, özünü mağaza müdirinin oğlu kimi təqdim edən şəxsin isə "Gedib kimə istəyirsiniz şikayət edin" dediyini iddia edib.

O, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova, eləcə də Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdiyini açıqlayıb.

Zamirə Dadaşova mağazanın istehlakçı hüquqlarını pozduğunu, keyfiyyətsiz məhsul satdığını, verdiyi öhdəlikləri yerinə yetirmədiyini və nağd ödənişə görə kassa çeki təqdim etmədiyini iddia edərək, dəymiş maddi ziyanın ödənilməsini və məsələ ilə bağlı araşdırma aparılmasını xahiş edib.

Qeyd edək ki, yazıda yer alan iddialar teleaparıcı Zamirə Dadaşovanın şəxsi açıqlamasına əsaslanır. Məsələ ilə bağlı "İtaliano Parati" mağazasının mövqeyini dərc etməyə hazırıq.

"AzPolitika.info"