İran nə Birgə Hərtərəfli Fəaliyyət Planı, nə də İslamabad sazişi çərçivəsində öz öhdəliklərini pozub.

"Tasnim" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

"İranın ABŞ-nin təcavüzünə qarşı mübarizə aparmaqdan başqa çarəsi yoxdur", - İ. Bəqai vurğulayıb.

Bəqainin sözlərinə görə, İranın sazişlərə əməl etməsi şərtidir və ABŞ-nin öhdəliklərinə əməl etməsindən asılıdır: "ABŞ tərəfindən öhdəliklərin pozulmasının davam etməsi İranın öhdəliklərini yerinə yetirməsini qeyri-mümkün edir".

O, ABŞ-nin Hörmüz boğazına nəzarət etməyə çalışdığını bəyan edib və İslamabad Anlaşma Memorandumunu xatırladıb: "Qarşılıqlı anlaşma memorandumunun beşinci maddəsi Hörmüz boğazının Oman və region ölkələri ilə məsləhətləşmələr yolu ilə idarə olunmasının zəruriliyini açıq şəkildə vurğulayır, lakin ABŞ razılaşmaya məhəl qoymayaraq bu strateji əhəmiyyətli su yolunu nəzarətə götürmək niyyətindədir".