Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub.

APA xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb.

Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub.

Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək davam edəcək və bu vəziyyət ölkənin cənub bölgələrində, o cümlədən Baya və Moxaç şəhərlərində də müşahidə olunur.

Suyun azalması gəmiçiliyə, xüsusilə turizm kruizlərinə mənfi təsir göstərib.