Qaradağ Rayon Məhkəməsində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş oğurluq cinayəti ilə bağlı cinayət işi üzrə hökm elan olunub.

"AzPolitika" "Qaynarinfo"ya istinadla xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən Ə.V. Qaradağ rayonu ərazisində avtomobilə sərnişin kimi əyləşərək sürücünün mobil telefonundan istifadə edib. İttihama görə, o, internetə qoşulmaq bəhanəsi ilə bir neçə dəfə zərərçəkmişin telefonunu götürərək mobil bank tətbiqi vasitəsilə zərərçəkmişə məxsus hesabdan öz kartına 700 manat köçürüb.

İstintaq orqanı hesab edib ki, həmin vəsait elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə gizli talanıb və təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında Ə.V. özünü təqsirli bilməyib. O bildirib ki, köçürülən 700 manat oğurluq yolu ilə deyil, zərərçəkmişin razılığı ilə borc kimi götürülüb. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vəsait anasının əməliyyat xərclərinin ödənilməsi məqsədilə alınıb və zərərçəkmiş bununla razılaşıb. O, sonradan maddi çətinliklər və səhhətində yaranan problemlər, o cümlədən insult keçirməsi səbəbindən borcu vaxtında qaytara bilmədiyini deyib.

Ə.V. məhkəmədə, həmçinin bildirib ki, zərərçəkmişin bank hesabında daha çox vəsait olsa da, yalnız ehtiyacı olan 700 manatı köçürməsi onun oğurluq niyyətinin olmadığını göstərir. O əlavə edib ki, dəymiş ziyan tam ödənilib və zərərçəkmiş artıq ondan şikayətçi deyil.

İbtidai istintaq zamanı verilmiş ifadəsində isə Ə.V. ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. Həmin ifadədə göstərilib ki, zərərçəkmiş onun ailə vəziyyətini və maddi çətinliklərini öyrəndikdən sonra 700 manatı müvəqqəti borc kimi verməyə razılaşıb və pul məhz zərərçəkmişin razılığı ilə onun bank kartına köçürülüb. Sonradan tərəflər arasında vəsaitin geri qaytarılması ilə bağlı mübahisə yaranıb.

Məhkəmə iş üzrə toplanmış sübutları araşdırdıqdan sonra Ə.V. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilib. Hökmə əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.