Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə bağlı yaranmış dərin siyasi və ictimai böhranla üz-üzə qalıb. Müdafiə naziri vəzifəsindən azad edilməsi böyük etirazlara səbəb olan Mixail Fyodorov dövlət başçısının ona təklif etdiyi alternativi rədd edərək, yalnız əvvəlki postuna qayıtmaq istədiyini bildirib. 

Digər tərəfdən, xalqın və hərbçilərin narazılıq etdiyi Silahlı Qüvvələrin Baş komandanı Oleksandr Sırskinin dəyişdirilməsi tələbləri getdikcə güclənir.

"Financial Times" nəşrinin məlumatına görə, ötən həftə sonu Zelenski Fyodorovla təxminən altı saatlıq görüş keçirərək ona Milli Təhlükəsizlik və Müdafiə Şurasında (STMŞ) geniş səlahiyyətlərə malik yüksək vəzifə təklif edib. Təklif olunan modelə əsasən, Fyodorov birbaşa prezidentə məruzə etməklə müdafiə texnologiyaları, hərbi innovasiyalar, uzaqmənzilli silahların istehsalının genişləndirilməsi və bu sahəyə xarici investisiyaların cəlb edilməsinə rəhbərlik etməli idi. Lakin müzakirələrdən xəbərdar olan mənbələr bildirirlər ki, ictimaiyyətin böyük dəstəyini arxasına alan Fyodorov yalnız Müdafiə Nazirliyi postuna qayıtmaq niyyətindədir.

Fyodorovun vəzifədən uzaqlaşdırılması Ukrayna cəmiyyətində güclü rezonans doğurub. Paytaxt Kiyevdə başlayan dəstək aksiyaları artıq ən azı 16 şəhəri əhatə edir. Nümayişçilər təkcə Fyodorovun bərpasını deyil, həm də müharibənin idarə olunmasında onun təqdim etdiyi innovativ və müasir yanaşmanın tətbiqini tələb edirlər.

Bununla yanaşı, etirazçıların əsas tələblərindən biri də Baş komandan Oleksandr Sırskinin istefasıdır. Sırskinin Fyodorovla hərbi strategiya və dron texnologiyalarının tətbiqi məsələlərində ciddi fikir ayrılıqları yaşadığı bildirilir. Vetaran hərbçi və aksiyaların təşkilatçılarından olan Dmitro Kozyatinski bildirib ki, Sırskinin öz postunda qalması orduda mənəvi-psixoloji durumu korlayır və onun dərhal vəzifədən kənarlaşdırılması vacibdir.

Yaranmış mürəkkəb vəziyyətdən çıxış yolu axtaran Zelenski son günlər hərbi komandirlər və siyasi müşavirlərlə intensiv məsləhətləşmələr aparır. Onun görüşdüyü hərbçilər arasında Birləşmiş Qüvvələrin komandanı Mixail Drapatı, Baş Qərargah rəisinin müavini Volodimir Horbatyuk və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Oleh Apostol var. Bu şəxslər Sırskinin yerinə əsas namizədlər hesab olunurlar.

Ekspertlər və hərbi dairələr qeyd edirlər ki, sovet hərbi məktəbinin nümayəndələrindən fərqli olaraq, hazırkı müharibə dövründə formalaşmış, dron döyüşləri və operativ qərar qəbuletmə bacarığı ilə seçilən daha gənc zabitlər nəslinin rəhbərliyə gətirilməsi ehtimalı böyükdür.

Qərb tərəfdaşları da Kiyevə xəbərdarlıq edərək, hərbi rəhbərlikdəki qeyri-müəyyənliyin tezliklə aradan qaldırılmasını və sabitliyin təmin olunmasını tələb edirlər.

Rasim

"AzPolotika.info"