ABŞ prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun növbəti BMT Baş katibi olmasını istəyir.

"AzPolitika" xəbər verir ki, məlumatı "New York Post" qəzeti mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, İnfantino ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il Dünya Kuboku zamanı Amerika liderinə yaxınlaşıb.

Qəzetin yazdığına görə, FIFA prezidenti Trampı "qazanmaq üçün əlindən gələni edib", hətta ötən ilin dekabrında ona FIFA Sülh Mükafatını təqdim edib.

"New York Post"un mənbəsinə görə, Tramp İnfantinonun "hər yerdə hörmətlə qarşılandığına və insanları bir araya gətirmək üçün xüsusi qabiliyyətinə malik olduğuna" inanır.

Amerika liderinin bu ideyanı İnfantinonun özü ilə müzakirə edib-etmədiyi, yaxud FIFA prezidentinin BMT Baş katibinin vəzifəsini tutmaq istəyib-istəmədiyi məlum deyil. Aprel ayında o, 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.(musavat.com)