Aİ hakimiyyəti Rusiyaya qarşı 21-ci sanksiya paketinə daxil edə biləcəyi yeni bəndlərlə bağlı ideya ehtiyatını bitirib, çünki bu tədbirlər birliyin üzvü olan dövlətlərin maraqlarına toxunur.

"AzPolitika" xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

"20 sanksiya paketindən sonra artıq asan hədəflər qalmayıb. 21-ci paketin hazırlanması zamanı ayrı-ayrı dövlətlərin maraqları ilə toqquşacaqsınız, buna görə də balansı tapmaq məcburiyyətindəsiniz", — deyə Aİ-nin adı çəkilməyən diplomatı bildirib.

Nəşrin digər mənbələri isə qeyd ediblər ki, məhdudiyyətlər paketindəki bəzi bəndlər artıq dəyişdirilib və ya ümumiyyətlə çıxarılıb.

Bu arada "Euractiv"in məlumatına görə, Avropa Komissiyasının iyulun 22-də Aİ ölkələrinin səfirlərinə Rusiyaya karşı planlaşdırılan sanksiyaların bloka daxil olan dövlətlərin milli iqtisadiyyatlarına iqtisadi təsirinin qiymətləndirməsini təqdim edəcəyi gözlənilir. Nəşr yazır ki, Avropa Komissiyasının təhlilinin əsas elementini Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) daşınması üzrə xidmətlərin göstərilməsinə olası qadağanın nəticələrinin qiymətləndirilməsi təşkil edəcək.

Bununla yanaşı, Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalara dəstəyin zəifləməyə başladığı bildirilirdi. Çünki Avropa ölkələrinin hökumətləri bu tür tədbirlərin onların aparıcı şirkətlərinə zərər vura biləcəyindən ehtiyat edirlər. Xüsusilə Yunanıstan yeni sanksiyalara qarşı çıxıb, çünki Avropa Komissiyasının Rusiya MTQ-nin daşınmasına qoyduğu qadağa "Dynagas" gəmiçilik şirkətinə zərbə vura bilər.

Almaniya və Portuqaliya öz emal müəssisələrini dəstəkləmək zərurətini əsas gətirərək Rusiya balığının alınmasına qoyulan məhdudiyyətlərin yumşaldılmasına çalışırlar. Media vurğulayır ki, Avropanın əsas turizm məkanlarından olan Fransa və İtaliya Rusiya vətəndaşlarına qarşı viza siyasətinin yumşaldılmasını istəyirlər. Avstriya isə növbəti dəfə "Raiffeisen" bankı ilə bağlı aktivlərin dondurulmasının ləğv olunmasını xahiş edib.

"AzPolitika.info"