İyun ayında Avropanı bürüyən anomal istilər taxıl bitkiləri məhsulunun dəyərinin 2 milyard avrodan çox azalmasına səbəb olub. Ən böyük zərəri Fransa və Macarıstan çəkib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Avropa Taxıl Ticarətçiləri Assosiasiyasının ("Coceral") məlumatlarına istinadən bildirir.
Məlumata əsasən, istilərin başlamasından sonrakı dörd həftə ərzində Avropa İttifaqı və Böyük Britaniyada taxıl istehsalı proqnozları təxminən 9 milyon ton azaldılıb. "FT" yazır ki, ekspertlər buğda, arpa, qarğıdalı və digər dənli bitkilərin milli qiymətlərinə əsasən, məhsul itkisindən dəyən zərəri təxminən 2,1 milyard avro həcmində qiymətləndirirlər ki, bu da gözlənilən məhsul dəyərinin 5%-ni təşkil edir. Aİ və Böyük Britaniya üçün qarğıdalı məhsulu proqnozu 57,2 milyon tondan 52,7 milyon tona endirilib.
Taxıl məhsuluna dəyən zərərin təxminən yarısı Fransanın payına düşüb: ölkə üzrə proqnoz 4,1 milyon ton (təxminən 891 milyon avro dəyərində) azaldılıb və itkilərin böyük hissəsi qarğıdalının payına düşüb. Zərərin miqyasına görə ikinci yeri Macarıstan tutub — burada taxıl məhsulu proqnozu 2,4 milyon ton azalıb ki, bu da təxminən 444 milyon avro qiymətləndirilir. İspaniyanın itkiləri 1,4 milyon ton (276 milyon avro), Almaniyanın itkiləri isə analoji həcmdə olmaqla 233 milyon avro təşkil edib.
Qeyd edək ki, iyunun ikinci yarısında Avropa həddindən artıq isti hava şəraiti ilə üzləşib. Qərbi Avropa ölkələrində termometrin göstəricisi 40 dərəcəni keçib. İyulun 9-da Avropanın "Copernicus" Yerin məsafədən zondu və xəritəçəkmə xidməti təsdiqləyib ki, ötən iyun ayı yer səthində orta hava temperaturunun 20,74 dərəcə olması ilə meteoroloji müşahidələr tarixinin ən isti ayı olub.
"AzPolitika.info"

Şərhlər