Rusiyada Ukrayna PUA-larının zərbələri nəticəsində yaranan yanacaq böhranı əhali arasında narazılığı artırdıqca, hakimiyyət cəmiyyətə qarşı ritorikasını sərtləşdirir.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Dumanın növbəti iclasında çıxış edən parlament sədri Vyaçeslav Volodin yanacaq çatışmazlığından şikayət edən rusiyalıları xəyanətdə günahlandırıb və onları "beşinci kolon" adlandırıb.

"Bu məsələlər heç bir halda siyasiləşdirilməməlidir. Çünki bu, artıq başqa bir şeyin, içəridə "beşinci kolon"un qoxusunu verir. Bu sahədə populizm və demaqogiya təkcə dağıdıcı deyil, həm də son dərəcə təhlükəlidir. Biz ölkə uğrunda mübarizə aparmalıyıq. Ölkəni gücləndirən və problemləri həll edən istənilən təklif dəstəklənməlidir", - deyə Volodin bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə benzin böhranından, zavodların PUA hücumlarından qoruna bilməməsindən və Ukraynaya qarşı mənasız işğalçılıq müharibəsindən narazılığını bildirən rusiyalıların müraciətlərinin sayı durmadan artır.

“AzPolitika.info”