Son zamanlar Ukrayna Silahlı Qüvvələri diqqətini Rusiyanın böyük neft emalı zavodlarından “kölgə donanması”na aid tankerlərə və “Wildberries” anbarlarına yönəldib. Nəticədə Rusiyada yanacaq böhranı “yumşalmağa” başlayıb. Lakin rusiyalılar hələ buna sevinməməlidirlər… 

“AzPolitika” xəbər verir ki, “Bloomberg”-in bu barədə yayımladığı məqalədə Rusiyada yanacaq qıtlığının nisbətən azaldığı bildirilir.

Nəşrin qeyd etdiyi kimi, yerli hakimiyyət orqanları sakinləri yanacaq təklifinin artması və daha sabit təchizat barədə məlumatlandırır. Ratasiya qüvvədə qalsa da, bəzi ərazilərdə hər nəqliyyat vasitəsinə düşən benzin kvotaları tədricən artır.

Məqalədə qeyd edildiyi kimi, Rusiya hakimiyyət orqanlarının son açıqlamalarını qiymətləndirmək üçün etibarlı müstəqil statistika yoxdur. Lakin sosial media məlumatları təchizat vəziyyətinin yaxşılaşdığını göstərir.


Bununla yanaşı, Rusiya bölgələrinin yanacaq təminatı dəyişkən olaraq qalır. 22 iyul tarixinə olan məlumata görə, Moskvadakı yanacaqdoldurma məntəqələrinin 54%-də, Sankt-Peterburqda isə 61%-də ən azı bir yanacaq növü mövcud olub. Lakin Krasnoyarsk və Novosibirsk kimi şəhərlərdə vəziyyət fərqlidir. Buradakı məntəqələrin yalnız beşdə birində ən azı bir növ benzin mövcuddur.

Nəşr qeyd edir ki, Ukrayna Rusiyaya raket və PUA hücumları taktikasını və hədəflərini bir qədər dəyişib. Son iki həftə ərzində hücumlar davam etsə də, onların miqyası daha az olub, çünki onlar kiçik neft emalı zavodlarını hədəf alıb və hücumların təsiri daha az hiss edilib.

Eyni zamanda, neft tankerləri də daxil olmaqla, Rusiya ilə əlaqəli gəmilərə edilən hücumların sayı əhəmiyyətli dərəcədə artıb: Ukrayna Baş Qərargahının məlumatına görə, 8-20 iyul tarixləri arasında ən azı 124 gəmi, o cümlədən 89 tanker hücuma məruz qalıb.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Ben Barrinin sözlərinə görə, Ukrayna Rusiyadakı hədəf diapazonunu genişləndirir və Rusiyanın növbəti zərbənin haraya endiriləcəyini anlamaqda çətinlik çəkməsi üçün hədəflər arasında keçid edir. Bu strategiya Rusiyanın müdafiə qüvvələrini, HHM sistemlərini yerləşdirməsini, Ukrayna PUA-ları və raketlərini zərərsizləşdirməsini çətinləşdirir.

Eyni zamanda, yanacaq təchizatı qismən bərpa olunsa da, qıtlıq hələ bitməyib. İyul ayında Rusiyada neft emalı gündə orta hesabla 3,511 milyon bareldir. Bu, 2002-ci ilin may ayından bəri ən aşağı səviyyədir və ölkənin mövsümi normasından üçdə bir qədər aşağıdır. Bu da öz növbəsində neft məhsullarının davamlı çatışmazlığını və qiymətlərin artmasını şərtləndirir.

Rusiya regional hakimiyyət orqanları da sakinləri gələcək çətinliklərə hazırlaşmağa çağırır. "Mövcud çatışmazlığın əsas səbəblərini nəzərə alaraq, yaxın gələcəkdə hər hansı bir kəskin dəyişiklik gözləməməliyik", - deyə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.

Qeyd edək ki, Ukrayna iri neft emalı zavodlarına hücumları azaltsa da, “Wildberries” anbarlarına endirdiyi zərbələrlə Rusiyada fərqli bir şok effekti yarada bilib.

Bundan öncə isə Ukrayna dronlarının hücumları səbəbindən Novorossiysk limanı fəaliyyətini dayandırıb. O, yük dövriyyəsinə görə Rusiyanın ən böyük limanıdır və Rusiyanın taxıl ixracının üçdə biri buradan həyata keçirilir.

Bundan əlavə, Qazaxıstan Ukraynanın tankerlərə etdiyi hücumlar səbəbindən Rusiyanın Qara dəniz sahilindəki əsas ixrac terminalına boru kəməri ilə neft nəqlini dayandırıb. Bütün bunlar Ukraynanın “uzaqmənzilli sanksiyaları”nın işlədiyi göstərir…

C.Məmmədli

“AzPolitika.info”