Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan “GL Group” beynəlxalq arenada növbəti uğura imza atıb. Şirkət ABŞ-ın Texas ştatında, Hyuston şəhəri yaxınlığında yerləşən 4 neft-qaz yatağında hasilat aktivlərinin satın alınması prosesini rəsmən tamamlayıb.
“AzPolitika” xəbər verir ki, bu sövdələşmə ilə “GL Group” ABŞ-da istismarda olan hasilat aktivlərinə mülkiyyət hüququ əldə edən və onları operator kimi idarə edən ilk Azərbaycan şirkəti olub. Bu, yalnız şirkət üçün deyil, bütövlükdə Azərbaycanın özəl neft-qaz sektoru üçün tarixi bir mərhələ hesab olunur.
Satın alınmış aktivlərin tərkibinə 200-dən çox aktiv neft hasilatı quyusu daxildir. “GL Group” həmin aktivlərin tam operatorluğunu da rəsmi olaraq öz üzərinə götürüb.
Yataqlar dünyanın ən böyük və intensiv rəqabət mühitinə malik olan Perm hövzəsində (Midland yaxınlığında) yerləşir. Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən Perm hövzəsi təxminən 223 min kvadratkilometrlik nəhəng bir ərazini əhatə edir.
Perm hövzəsi qlobal energetika sektorunun əsas mərkəzlərindən biri hesab olunur. 2025-ciildə hövzədə gündəliktəxminən 6,6 milyonbarelnefthasiledilib. Bu, ABŞ-ın ümumi neft hasilatının yarısına, qlobal hasilatın isə 8%-dən çoxuna bərabərdir. Ötən il hövzədən gündəlik 27,6 milyard kub fut əmtəəlik qaz çıxarılıb ki, bu da ABŞ hasilatının 23%-ni, dünya hasilatının isə 7%-ni təşkil edir.
2024-cü ildə Türkiyənin enerji bazarına daxil olan “GL Group” üçün Texasdakı bu satınalma beynəlxalq inkişaf strategiyasının ən mühüm halqalarından birinə çevrilib. Bir ildən artıq davam edən qiymətləndirmə və danışıqlardan sonra gerçəkləşən bu addım şirkətin ABŞ və digər qlobal bazarlarda mövqeyini daha da möhkəmləndirir.

Sövdələşməni şərh edən “GL Group”un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib: “Bu, “GL Group”da hər kəs üçün qürurverici andır. Bu satınalma dünyanın ən böyük və ən rəqabətli neft-qaz hasilatı bazarında mövcudluğumuzu təmin edən strateji mərhələdir. Bu addım şaxələndirilmiş beynəlxalq kəşfiyyat və hasilat biznesinin qurulmasına dair uzunmüddətlı baxışımızı əks etdirir və ABŞ-da davamlı inkişafımız üçün güclü platforma yaradır. Bu, ABŞ bazarına atdığımız ilk, lakin çox mühüm addımdır. Biz böyüməyə və mövcudluğumuzu genişləndirməyə davam edəcəyik”.
Qeyd edək ki, Azərbaycanda şirkət Salyanda (“Kürsəngi” və “Qarabağlı”) və Abşeronda (“Buzovna-Maştağa”, “Qala”, “Zirə”) ümumilikdə 5 neft-qaz yatağında əməliyyatlar aparır. Portfelə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” və “GL Technical Services” daxildir.
2024-cü ildə Trakya hövzəsindəki qaz yatağında 100% paya sahib olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faizlik payını satın alaraq ilk beynəlxalq layihəsinə başlayıb.
ABŞ-də - Texas ştatında 200-dən çox aktiv quyunu və 4 yatağın operatorluğunu əldə edib.
Rasim
“AzPolitika.info”

Şərhlər