2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 189 ölkəsindən 1092,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, gələnlərin 28,1 faizi Rusiya, 21 faizi Türkiyə, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Pakistan, 2,8 faizi Hindistan, 2,6 faizi İsrail, 2,4 faizi Çin, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,4 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,7 faizini kişilər, 31,3 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 faiz artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 faiz azalaraq 480,1 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.