Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəliblər. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.

“AzPolitika”nın məlumatına görə, fon der Lyayen bildirib ki, yeni məhdudiyyətlər daha 32 Rusiya bankını, habelə kriptovalyuta şirkətlərini və neft ticarəti platformalarını əhatə edəcək.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, yeni paket çərçivəsində Rusiya hərbi maşınının bazar dalğalanmalarından faydalanmasının qarşısını almaq üçün neft qiymətləri tavanının tənzimlənməsi bir il müddətinə dondurulur: “Biz ilk dəfə olaraq Rusiyanın 'kölgə donanması'na kömək edən gəmiləri hədəf alırıq. Eyni zamanda, Rusiya kombatantlarının (döyüşçülərinin) Aİ-yə girişinə rəsmi qadağa qoyulması istiqamətində vacib bir addım atdıq”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

“Reuters” agentliyinin mənbələrinə istinadən verdiyi xəbərə görə, yeni sanksiyalar paketində Rusiya Durulaşdırılmış Təbii Qazının (STQ/СПГ) üçüncü ölkələrə dəniz vasitəsilə ötürülməsinə (aşırılmasına) icazə verən xüsusi istisna yer alıb. Bu istisna bir il müddətinə qüvvədə olacaq və avtomatik uzadılma mexanizminə sahibdir.

Aİ diplomatlarından biri bildirib ki, üzv dövlətlər bu məsələdə Yunanıstanla həmrəylik nümayiş etdiriblər və gələcəkdə Yunanıstanın da digər ölkələrlə eyni cür davranacağı gözlənilir.

Qeyd edək ki, "Financial Times"ın məlumatına görə, iyulun ortalarında Yunanıstan Rusiya STQ-nin üçüncü ölkələrə daşınmasına qoyulan qadağaya görə 21-ci sanksiyalar paketinin qəbuluna qarşı çıxmışdı. Afina bu addımla yunan milyarderi Georqios Prokopuya məxsus “Dynagas” gəmiçilik şirkətinin kommersiya maraqlarını qorumağa çalışırdı.

Rasim

“AzPolitika.info”