ABŞ administrasiyası İranın sahil bölgələri və adalarında məhdud quru əməliyyatı keçirmək üçün hərbi marşrutları və logistik imkanları nəzərdən keçirir.
"AzPolitika" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Aram News” portalı diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazına nəzarət edən mövqelərini ələ keçirmək və onları Tehranın nəzarətindən çıxarmaqdır. ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat qurumları əməliyyatın təfərrüatlarını, eləcə də Prezident Donald Trampın əmri və başlanma vaxtı müəyyən edildikdən sonra həyata keçirilməsi üçün hazırlıqların müzakirə edildiyi iclaslar keçirirlər.
Mənbələrin sözlərinə görə, quru əməliyyatı geniş hava dəstəyi, intensiv zərbələr və əsas nəqliyyat-logistika xətlərini kəsməyə yönəlmiş hücumlarla müşayiət olunacaq. Məqsəd İranın Hörmüz boğazında gəmiləri təhdid etmək üçün istifadə etdiyi sahil bölgələri və adaları mühasirəyə almaq və onları digər ərazilərdən təcrid etməkdir.
“Aram News”un yazdığına görə, Donald Tramp ordunun hərbi hazırlığını nümayiş etdirməklə İrana təzyiqi artırmağa və onu elə bir danışıqlar masasına gətirməyə çalışır ki, burada Hörmüz boğazındakı müstəqil və təsirli rolu ilə bağlı hansısa şərt irəli sürülməsin.
Ağ Evə yaxın bir diplomat da nəşrə bildirib ki, Tramp bununla İranı iki seçim qarşısında qoyub: ya Hörmüz boğazında təsir imkanlarını itirmək, ya da burada müharibədən əvvəlki vəziyyətə qayıtmağı qəbul etmək.
Vaşinqton Hörmüz boğazından keçən gəmilər üçün tam təhlükəsiz keçid zonasının yaradılmasını və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) gəmilər və neft tankerlərinə qarşı mümkün təhdidlərinin qarşısının alınmasını tələb edir. ABŞ rəsmiləri İranla təhlükəsizlik təminatları barədə danışıqlar aparmaqdansa, quru qüvvələrinin İranın sahil bölgələrində məhdud şəkildə yerləşdirilməsini daha effektiv variant hesab edirlər.(Teleqraf)

Şərhlər