ABŞ administrasiyası müvəqqəti 10 faizlik qlobal gömrük rüsumunun müddəti başa çatan kimi 60 tərəfdaş ölkədən, o cümlədən Avropa İttifaqı və Çindən idxal edilən mallara yeni gömrük rüsumları tətbiq edib. "Reuters" agentliyinin məlumatına görə, malların yeni rüsum dərəcələri 10% və 12,5% arasında dəyişir.

Vaşinqton bu addımını xaricdə məcburi əməyin qadağan edilməsinə qarşı mexanizmlərin zəif olması ilə əsaslandırıb.

ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrir mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: “Birləşmiş Ştatlar demək olar ki, bir əsrdir ki, məcburi əmək yolu ilə istehsal olunan malların idxalını qadağan edib və bu qadağa sərt şəkildə tətbiq olunur. Ticarət tərəfdaşlarımızın da eyni addımı atmasının vaxtı çoxdan çatıb. Bu qərar həm insan hüquqlarının pozulması, həm də ticarəti pozan təcrübə olan bu problemi həll etməyə və hər yerdə işçilərin rifahını yaxşılaşdırmağa yönəlmiş ilk addımdır”.

Rüsumlar ölkələr üzrə necə bölünüb?

Albaniya, Argentina, Böyük Britaniya, Kanada, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan və digər 7 ölkədən gələn mallara 10 faiz rüsum tətbiq edilib.

Avropa İttifaqı, Tayvan, Yaponiya, Cənubi Koreya və İsveçrədən idxal olunan məhsullara isə mövcud rüsumlara əlavə 10% və ya 12,5% şamil olunur.Qalan 38 ölkə üçün12,5 faizlik rüsummüəyyən edilib.

Bundan əlavə, Tramp administrasiyasının rəsmiləri Çin tərəfinə bu ölkədən olan mallara tətbiq edilən 20 faizlik rüsumların bərpa olunmasının planlaşdırıldığını bildiriblər. Lakin qeyd olunub ki, bu göstərici 2025-ci ilin noyabrında Çin Xalq Respublikasının Sədri Si Tszinpin ilə əldə olunmuş razılaşma səviyyəsini keçməyəcək.

Xatırladaq ki, iyulun 21-də Prezident Trampın qərarı ilə ABŞ-nin Kanadadan idxal edilən bir sıra məhsullara 50 faizlik gömrük rüsumu tətbiq edəcəyi də bəlli olmuşdu.

Vaşinqtonun bu addımı ticarət tərəfdaşlarının kəskin etirazına səbəb olub. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas tətbiq edilən yeni rüsumların ittifaq üçün "şok" olduğunu və Vaşinqtonun gətirdiyi bəhanənin başadüşülməz olduğunu vurğulayıb.

Manilada jurnalistlərin suallarını cavablandıran Kallas məsələyə belə reaksiya verib: “Əmək qanunvericiliyimizi Birləşmiş Ştatlarınkı ilə müqayisə etsəniz, görərsiniz ki, bizdə ödənişli məzuniyyətlər var, işçilərimiz üçün çox yaxşı çalışma şəraiti mövcuddur. Odur ki, bu qərar heç bir halda əsaslandırıla bilməz”.

Rasim Əliyev

“AzPolitika.info”