İyulun 24-nə keçən gecə Gürcüstanın bir sıra şəhərlərində, eləcə də paytaxt Tbilisidə elektrik enerjisinin verilişi kəsilib.

"AzPolitika" xəbər verir ki, Gürcüstan Dövlət Elektrik Sisteminin məlumatına görə, yerli vaxtla saat 00:10 radələrində baş verən qəza nəticəsində ölkə üzrə elektrik təchizatında fasilə yaranıb.

Kəsinti Tbilisi ilə yanaşı Batumi, Kutaisi, Telavi, Borjomi, Bakuriani və Zuqdidi şəhərlərini də əhatə edib.

Elektrik enerjisinin dayanması səbəbindən Tbilisi, Rustavi və Msxeta sakinlərinə su təchizatında müvəqqəti problemlərin yarana biləcəyi barədə xəbərdarlıq edilib. "Georgian Water" şirkəti də elektrik kəsintisini təsdiqləyərək bəzi ərazilərdə suyun verilişində fasilələrin mümkün olduğunu açıqlayıb.

Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda qəzanın Gürcüstanla Türkiyəni birləşdirən yüksək gərginlikli elektrik xəttində baş verən nasazlıqla bağlı olduğu iddia edilib.

Lakin "Pirveli" telekanalının məlumatına görə, Gürcüstan Dövlət Elektrik Sistemi bu iddiaları təkzib edib. Qurum bildirib ki, elektrik kəsintisinin səbəbinin Gürcüstan-Türkiyə enerji xəttindəki qəza ilə əlaqələndirilməsi doğru deyil.