Rusiya qoşunlarını Ukraynadan çıxarmayacaq və müharibəyə son qoymaq yalnız Moskvaya güzəştlərlə mümkün olacaq. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu milyarder və “SpaceX”-in qurucusu İlon Musk deyib.

"Bir çox insan Rusiyanın qoşunlarını (Ukraynadan)tamamilə çıxarmalı olduğunu deyəndə illüziyalara qapılır, amma bu, qeyri-realdır... Mən uzun müddətdir sülh tərəfdarıyam. Bir neçə il əvvəl yazmışdım ki, Rusiyaya bəzi güzəştlər həqiqətən zəruridir. Bu, Rusiyayönlü mövqe deyil. Mən sadəcə praqmatikəm", - deyə Mask "The Economist"ə verdiyi müsahibədə bildirib.

O, həmçinin Ukraynadakı cəbhənin "iki-üç ildir ki, durğunluq içində olduğunu", "hər gün cəbhə xəttində çoxlu insan öldüyünü" bildirib və Rusiya ilə Ukrayna arasında tezliklə sülh razılaşmasının əldə olunacağına ümid etdiyini söyləyib.

"İnsanlar cəbhə xəttində ölərkən dəbdəbəli şam yeməyi təşkil edən və Rusiyanın (Ukraynanı) necə tərk etməli olduğu barədə danışan, lakin özləri Rusiyaya getmək niyyətində olmayan təkəbbürlü diplomatlardan çox qəzəblənirəm", - deyə milyarder əlavə edib.

Mask əvvəllər də müharibəyə son qoyulmalı olduğunu bəyan edib. 2025-ci ilin mart ayında “Fox News”-a verdiyi müsahibədə o, müharibənin sülh razılaşması ilə başa çatacağına əminliyini ifadə edərək, Prezident Donald Trampın münaqişənin həlli səylərinin "mütləq işə yarayacaq yeganə plan” olduğunu bəyan etmişdi.

Həmçinin, Kiyev və Vaşinqton arasında gərginliyin artması fonunda, ötən ilin fevral ayında Mask Prezident Volodimir Zelenskini "şər" adlandırmış və onu müharibəni uzatmaqda günahlandırmışdı.

Buna baxmayaraq, 2026-cı ilin əvvəlində Ukrayna hakimiyyətinin tələbindən sonra Mask Rusiya ordusunun “Starlink” peyk internet xidmətindən istifadəsini dayandırdı, bu da Rusiya bölmələri arasında rabitəni əngəllədi və Rusiya Silahlı Qüvvələrinin irəliləməsini əhəmiyyətli dərəcədə ləngitdi.

“AzPolitika.info”