Gürcüstanda artıq ikinci gündür ölkə elektrik enerjisinin verilməsində fasilə baş verir.
"AzPolitika" xəbər verir ki, Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərləri elektrik enerjisiz qalıb.
Elektrik enerjisinin verilməsində yaranan fasilələr nəticəsində su nasosları da fəaliyyətini dayandırıb. Tbilisinin bəzi rayonlarında su təchizatında problemlər yaranıb.
Məlumata görə, paytaxt küçələrində işıqforlar işləmir, mağazalar isə elektriksiz qalıb.
Xatırladaq ki, iyulun 24-nə keçən gecə Tbilisi, Batumi, Kutaisi və digər iri şəhərlər də daxil olmaqla Gürcüstanın əksər bölgələləri elektrik enerjisiz qalıb. İlkin məlumata əsasən, buna enerji şəbəkəsində baş vermiş genişmiqyaslı nasazlıq səbəb olub. Bəzi mobil operatorların şəbəkəsində də rabitə problemləri yaranıb.
Bununla belə, ölkədə aviauçuşlara məhdudiyyət tətbiq edilməyib və reyslər adi rejimdə həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl İnquri Su Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən Abxaziyada da elektrik enerjisinin verilişi dayandırılmışdı.

Şərhlər