Ukraynanın silah tələbləri dəyişdiyi üçün son vaxtlar bu ehtiyacları ödəmək çətinləşib.

"AzPolitika" xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“Əvvəllər Ukrayna tərəfi deyirdi ki, əlinizdə nə varsa, hamısını bizə göndərin. Bu gün vəziyyət fərqlidir. Ehtiyaclar daha dəqiq müəyyənləşib: söhbət hava hücumundan müdafiə ilə bağlı çox mürəkkəb vasitələrdən, eləcə də digər müasir və nadir sistemlərdən gedir. Tələb təklifi yüz dəfə üstələyir. Belə bir istək olsa belə, onlara kömək etmək asan deyil”, – nazir bildirib.

Bununla belə, İtaliyanın müdafiə naziri bildirib ki, mövcud çətinliklərə baxmayaraq, Ukraynaya yardım göstərmək üçün bütün zəruri vasitələri toplamaq istiqamətində çalışır.

Qeyd edək ki, fevralda İtaliya Senatı hakim bəzi nümayəndələrin etirazlarına baxmayaraq, Ukraynaya hərbi yardım tədarükünün uzadılmasını təsdiqləyib.