Amerika şirkətləri xərcləri azaltmaq üçün Çin tərəfindən hazırlanmış modellər də daxil olmaqla, daha ucuz həllərin lehinə ən güclü süni intellekt modellərindən istifadədən getdikcə daha çox imtina edirlər.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, iri və kiçik şirkətlər əsas vəzifələrin yerinə yetirilməsi üçün ən qabaqcıl süni intellekt modellərindən istifadəni məqsədəuyğun hesab etmirlər.

"Bu, yarış traslarında sürmək üçün yaradılmış Lamborghini ilə süd almağa mağazaya getməyə bənzəyir", – deyə Cursor startapının müştərilərlə iş üzrə direktoru Mayk Seyks nəşrə bildirib.

Qəzetin məlumatına görə, Amerikanın Anthropic və OpenAI şirkətləri bir neçə il ərzində ən güclü modelləri hazırlayaraq süni intellekt sahəsində lider mövqelər tutmağa çalışıblar. Lakin WSJ qeyd edir ki, praktikada biznes daha çox sadə və qənaətli alətlərə ehtiyac duyur.