İraq hüquq-mühafizə orqanları ölkənin neft nazirinin müavini Adnan əl-Cümeylinin əli olduğu korrupsiya işlərinin istintaqı çərçivəsində təxminən 175 milyon dollar və 400 kq qızıl müsadirə edib.

"Report" "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bu barədə İraqın Ali Məhkəmə Şurasının bəyanatında deyilir.

"Bu günə olan məlumata görə, əl-Cümeylinin işi üzrə 213 milyard dinar (təxminən 162,5 milyon dollar) və nağd şəkildə 12 milyon dollar müsadirə olunub. İstintaq çərçivəsində, həmçinin ölkənin müxtəlif vilayətlərindəki gizli yerlərdə saxlanılan 400 kq qızıl da aşkarlanıb", - qurumdan bildirilib.

INA agentliyinin məlumatına görə, istintaq orqanları əl-Cümeyli və onunla əlaqəli şəxslərin işi üzrə daha 27 milyard dinarın (20,5 milyon dollardan bir qədər çox) müsadirə edildiyini bildiriblər.

İyunun sonunda İraqda korrupsiya ittihamı ilə 47 yüksəkvəzifəli məmur və deputat saxlanılıb. Hüquq-mühafizə orqanları məmurların həbsi üçün daha 200 order verib. Elə həmin vaxt İraq hakimiyyəti bu iş üzrə kampaniyanın davam etdiyini və tezliklə neft və elektrik enerjisi nazirliklərindəki korrupsiya ilə əlaqəli yeni adların açıqlanacağını bildirib.