"Maklaren"in britaniyalı pilotu Lando Norris "Formula 1"in 2026-cı il mövsümünün Macarıstan Qran-prisinin qalibi olub.

"Report" xəbər verir ki, yarışlar Budapeşt yaxınlığındakı "Hunqarorinq" avtodromunda keçirilib.

İkinci yeri "Red Bull"un niderlandlı yarışçısı Maks Ferstappen tutub, liderlər üçlüyünü isə "Mersedes"dən olan italiyalı Kimi Antonelli tamamlayıb.

Hazırkı dünya çempionu Norris üçün bu qələbə cari mövsümdə ilk olub. Daha əvvəl o, Mayamidə ikinci, Barselonada isə üçüncü olaraq finişə çatmışdı.

Antonelli 219 xal toplayaraq fərdi hesabda liderliyini möhkəmləndirib. İkinci yeri "Ferrari"dən olan britaniyalı Lüis Həmilton (169), üçüncü yeri isə onun "Mersedes"də çıxış edən həmvətəni Corc Rassell (160) tutur.

Konstruktorlar Kubokunda "Mersedes" (379 xal) liderlik edir, ardınca "Ferrari" (307) və "Maklaren" (220) gəlir.