ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatlarla əlaqədar olaraq sursat qıtlığı yaşamır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC-yə müsahibəsində bildirib.
"ABŞ hərbçilərinin bu kampaniyanı mümkün qədər effektiv aparmaq üçün hər şeyi var və mən bunu bütün mümkün yollarla yoxlamışam. Belə cəfəngiyat yayan insanlar həbsxanada olmalıdır", - o bildirib.
Daha əvvəl CNN telekanalı xəbər verib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keyn, ABŞ arsenallarının vəziyyəti və digər mənfi nəticələr nəzərə alınmaqla, İranda münaqişənin eskalasiyası ilə bağlı xüsusi narahatlıqlarını ifadə ediblər.
CBS News efirində Uolts həmçinin bildirib ki, Vaşinqton Tehrana təsir etmək üçün bütün variantları nəzərdən keçirməyə davam edir və Yaxın Şərqə əlavə qüvvələr yönəldir.
Onun sözlərinə görə, ABŞ-nin İrana endirdiyi zərbələr diplomatiyaya vaxt və məkan vermək məqsədilə dayandırılıb.
"Yaxın günlərdə nə baş verəcəyini görəcəyik. Amma unutmayın ki, regiona əlavə hərbi qüvvələr hərəkət edir, biz yenə də bütün variantları nəzərdən keçiririk", - amerikalı daimi nümayəndə vurğulayıb.

Şərhlər