2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

Maliyyə Nazirlyinin məlumatına əsasən, cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat), ümumilikdə 944,8 milyon manatın ödənilməsi təmin edilib.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizini təşkil edib.

Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 iyul tarixinə 15 milyard 982,0 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri 16 milyard 775,5 milyon manat olub, 2 milyard 403,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18 milyard 828,9 milyon manat proqnoza qarşı 19 milyard 179,2 milyon manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,8 faiz çox icra edilməklə 12 milyard 759,2 milyon manat təşkil edib.

Dövlət büdcəsinin gəlirlərinin 8 milyard 842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 milyard 420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394,0 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.

2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 217,7 milyon manat və ya 2,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 5,5 milyon manat və ya 24,2 faiz, sair daxilolmalardan 246,2 milyon manat və ya 2,7 dəfə çox, gömrük orqanlarının xətti ilə 10,4 milyon manat və ya 0,3 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 108,7 milyon manat və ya 23,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.

Cari ilin altı ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 139,0 milyon manat və ya 1,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 52,5 milyon manat və ya 1,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 6,3 milyon manat və ya 28,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 38,6 milyon manat və ya 12,4 faiz çox vəsait daxil olub.