Rusiya 8-ci çağırış parlamentinin son iclası keçirilib. Sentyabrda növbəti parlament seçkisi keçiriləcək və yeni parlament formalaşdırılacaq.

“AzPolitika” xəbər verir ki, Duma sədri Vyaçeslav Volodinin deputatlar qarşısındakı “vida çıxışı” sosial mediada böyük marağa və müzakirələrə səbəb olub. 

Volodin çıxışının sonunda bir neçə dəfə Vladimir Putinin “şərəfinə” şüar səsləndirib və deputatlardan həmin şüarı bir ağızdan təkrarlamalarını gözləyib: “Partiyalar çoxdur, Vətən isə birdir. Rusiya, Putin, Qələbə!”. Volodin deputatlara, “həmkarlar, Rusiya, Putin, Qələbə!” deyərək yenə müraciət edib ki, deputatlar şüarı ucadan təkrarlasınlar. Ümumilikdə spiker bunu 5 dəfə səsləndirsə də, deputatlardan istədiyi cavabı ala bilməyib. Onlar eyni şüarı bir ağızdan təkrarlamayıblar və yalnız əl çalmaqla kifayətləniblər. Baxmayaraq ki, Volodinin məhz şüarın hamı tərəfindən təkrarlanmasını gözlədiyi açıq şəkildə görünürdü.

Lakin doğrusu, Volodinin özü də bu şüarı səsləndirərkən qətiyyən inamlı və qətiyyətli görünmürdü. Yeri gəlmişkən, Volodinin dediyi “qələbə”nin nədən ibarət olduğunu da Rusiyada heç kim bilmir…

Xatırladaq ki, bir neçə il əvvəl yenə parlamentdəki çıxışlarının birində Volodin tribunadan ““Putin yoxdursa, Rusiya da yoxdur, Putin var, Rusiya da var” demişdi…

Qeyd edək ki, Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına seçkilər 2026-cı il sentyabrın 20-də keçiriləcək. Bu seçkilərdə 11 siyasi partiya iştirak edəcək və ümumilikdə 450 deputat seçiləcək.

C.Məmmədli

“AzPolitika.info”