İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:

"Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər".

MEDİA bəyan edib ki, müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.

"Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq", - deyə məlumatda bildirilib.