"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov 15 il , Ələsgər Məmmədli 14 il , Ruslan İzzətli 15 il, Ramil Babayev 13 il, Əli Zeynalov 14 il , Müşfiq Cabbarov 13 il, İlkin Əmrahov 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 12 il müddətə azadlıqdan məhrum ediliblər.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, dövlət ittihamçısı Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətlinin 16 il, Ramil Babayevin 14 il, Əli Zeynalovun 15 il, Müşfiq Cabbarovun 14 il, İlkin Əmrahovun 14 il, Fərid İsmayılovun 13 il, Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Həmçinin o, təqsirləndirilən Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəmişdi.
Qeyd edək ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilirdilər.

Şərhlər