Rusiya Mərkəzi Bankı ölkə iqtisadiyyatının 2026-cı il üçün artım proqnozuna yenidən baxaraq onu daha da pisləşdirib. Tənzimləyici qurum Ümumi Daxili Məhsulun (ÜDM) ümumiyyətlə artmaya biləcəyini ehtimal edir.

Yenilənmiş ortamüddətli proqnoza əsasən, gələn il Rusiya iqtisadiyyatının artımı əvvəllər gözlənilən 0,5–1,5% əvəzinə 0–1% aralığında olacaq. Eyni zamanda, Mərkəzi Bank inflyasiya proqnozunu da qaldıraraq əvvəlki 4,5–5,5% səviyyəsindən 6–7%-ə çatdırıb.

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina proqnozların dəyişdirilməsini iqtisadiyyatdakı təklif qiymətləndirməsinin, xarici şəraitin, büdcə siyasətinin və inflyasiya risklərinin yenilənməsi ilə izah edib. Onun sözlərinə görə, baharda tənzimləyici istehsal güclərinin daha sürətli bərpa olunacağını hesablayırdı, lakin bu gözləntilər doğrulmadı. Nabiullina həmçinin yanacağın bahalaşmasının artıq geniş çeşiddə mal və xidmətlərin qiymətinə təsir etməyə başladığını, lakin Mərkəzi Bankın bu amili müvəqqəti hesab etdiyini bildirib.

Mərkəzi Bank dövlət maliyyəsinin vəziyyətinə dair qiymətləndirmələrini də dəyişib. Nabiullina qeyd edib ki, qurum büdcənin ilkin struktur defisitini ÜDM-in 2%-i səviyyəsində götürür. Bu ssenari gerçəkləşərsə, federal büdcənin ümumi defisiti ÜDM-in 3,6%-nə, yəni təxminən 8,2 trilyon rubla çata bilər. Mərkəzi Bank rəhbəri bunun hələlik qurumun daxili qiymətləndirməsi olduğunu və hökumətin federal büdcə layihəsini təqdim etməsindən sonra dəqiqləşəcəyini vurğulayıb.

Bundan əlavə, Rusiya Mərkəzi Bankı neftin orta qiyməti, xarici ticarət göstəriciləri və tədiyyə balansı üzrə gözləntilərinə də düzəlişlər edir.

"AzPolitika.info"