Ukrayna müdafiə şirkəti Fire Point hər ay təxminən 100 uzunmənzilli Flamingo qanadlı raketi və minlərlə hücum dronu istehsal edir. Bunun sayəsində Ukrayna Rusiya Federasiyasının arxa dərinliklərindəki hərbi obyektlərə davamlı zərbələr endirə bilir.

"AzPolitika" xəbər verir ki, bu barədə şirkətin baş direktoru İrina Terex "The Guardian"a verdiyi müsahibədə bildirib. 

Onun sözlərinə görə, şirkət gündə yüzlərlə FP-1 və FP-2 dronları istehsal edir. Avropa İttifaqından Ukraynaya 90 milyard avro kredit verilməsindən sonra kütləvi istehsal bərpa olunub.

Terex iddia edir ki, son aylarda demək olar ki, Ukraynanın bütün uzunmənzilli zərbələrində Fire Point silahları istifadə olunub. Onun sözlərinə görə, şirkətin raketləri və dronları ilə hücumlar gündə orta hesabla 5-15 dəfə baş verir.

Nəşr qeyd edir ki, Flamingo raketi 1150 kq-a qədər döyüş başlığı daşıya bilir. Bir raketin qiyməti təxminən 600 min dollardır ki, bu da Amerika Tomahawk qanadlı raketindən xeyli ucuzdur.

E. Səlimov

AzPolitika.info