Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyanın Tehrana səfəri çərçivəsində İrandan təbii qaz tədarükünün artırılması və enerji sahəsində birgə işçi qrupunun yaradılması məsələləri müzakirə olunub. Lakin ekspertlər Tehranın bu təklifinin reallaşmasını Moskva faktoruna görə sual altında görürlər.

"AzPolitika" xəbər verir ki, yerli ekspert Ara Marcanyan mövcud şəraitdə tərəflər arasında danışıqların mümkünlüyünü bəyan etsə də, texniki və siyasi maneələr ön plana çıxır.

Onun fikrincə, İran-Ermənistan qaz kəmərinin Ermənistan ərazisindən keçən hissəsinin Rusiyanın "Qazprom" şirkətinin nəzarətində olması Moskva ilə razılaşdırılmadan tədarük həcminin artırılmasını imkansız edir. Son dövrlər Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi təzyiqlər və sanskiyalar fonunda, Kremlin Tehranın bu təşəbbüsünə razılıq verəcəyi inandırıcı görünmür.

Digər tərəfdən, İrəvanın bu addımları Moskvanın xəbərdarlıqları ilə eyni vaxta təsadüf edir. Rusiya Prezidentinin mətbuat katibi bir qədər əvvəl bəyan etmişdi ki, İrəvan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə, Ermənistana güzəştli qiymətlə satılan Rusiya qazı bazar qiymətləri ilə əvəzlənə bilər. Rusiya Prezidenti Vladimir Putin də şəxsən Nikol Paşinyana xatırlatmışdı ki, Moskva İrəvana min kubmetr qazı cəmi 177 dollara satır, halbuki Avropada bu qiymət 600 dollar civarındadır.

ABŞ-İran gərginliyinin artdığı bir vaxtda İran qazının Ermənistana idxalının nə dərəcədə real olduğu və İrəvanın rəsmi mövqeyi sual doğurur. Ermənistan tərəfinin və nazir David Xudatyanın Tehrandakı təmasları yekunlaşdıqdan sonra mövzu ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Rasim

"AzPolitika.info"