Türkiyə Ermənistan sərhədində hərəkətlənmə müşahidə olunur. Belə ki, Türkiyədə Ermənistanın Gümrü şəhərinə aparan 33 ildir bağlı olan Şərq Qapısı Sərhəd Qapısının açılması üçün işlər görülür.

"AzPolitika" xəbər verir ki, bu barədə Akyaka şəhərinin meri Erduger Toptaş məlumat verib.

Toptaş Türkiyənin Ermənistanla qonşu olduğunu xatırladıb və bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişlərinə uyğun olaraq sərhəd xəttində dəmir yolu infrastrukturu işləri davam edir. İşlərin vacib mərhələyə çatdığını bildirən Toptaş qeyd edib ki, dəmir yolu infrastrukturunda təxminən 40 faiz irəliləyiş əldə olunub.

Şərq Qapısının yenidən açılmasının yalnız Kars üçün deyil, bütün region üçün iqtisadi mobillik yaradacağını bildirən Toptaş normallaşma prosesi başa çatdıqdan sonra qapının açılması ilə ticarət, ixrac və idxalın yenidən canlanacağını deyib. Onun sözlərinə görə, bu, Türkiyə üçün Qafqaza, Ermənistan üçün isə Yaxın Şərqə mühüm tranzit nöqtələrindən biri olacaq.