Ukrayna Silahlı Qüvvələri (USQ) bu payız Moskvaya ilk ballistik raket zərbələrini endirməyə başlaya bilər. 

“AzPolitika” xəbər verir ki, bunu "Fire Point" şirkətinin sahibi Denis Ştilerman jurnalist Dmitri Qordona müsahibəsində deyib.

O, yeni ballistik raketin sınaqlarının son mərhələsinin hazırda davam etdiyini bildirib. Sınaq uçuşlarından sonra "Rusiya ərazisinə uçuşlar başlayacaq". "Hədəfləri hərbçilər təyin edəcək, amma düşünürəm ki, dərhal bəzi əhəmiyyətli hədəflər vurulacaq", - Ştilerman deyib.

O, həmçinin qeyd edib ki, ballistik raketlərin Ukrayna ordusuna çatdırılmasının dəqiq vaxtı mühərrik sınaqlarının nəticələrindən asılı olacaq. "Amma biz çox sürətlə hərəkət edirik", - Ştilerman əlavə edib.

“Fire Point" Ukrayna ordusunun ən böyük podratçılarından biridir. Xüsusilə, o, FP-1 uzunmənzilli hücum dronları və FP-5 "Flamingo" raketlərini istehsal edir. Şirkət rəsmi olaraq 2025-ci ilin sentyabr ayında FP-7 və FP-9 ballistik raketlərinin hazırlandığını elan etmişdi. Fevral ayında FP-7-nin ilk sınaq buraxılışını nümayiş etdirdi. Bildirildi ki, FP-7 raketləri 250-300 km-ə qədər məsafələrə zərbələr endirmək üçün nəzərdə tutulub, FP-9 isə 850 km-ə qədər məsafəyə çata bilər.

İyunun əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Rusiyadakı hədəfləri vurmaq üçün istifadə edilə biləcəyi öz ballistik raketini hazırlamağa yaxın olduğunu açıqlayıb.

2024-cü ildə Ukrayna hakimiyyəti ilk yeni nəsil ballistik raketin uğurlu sınağını elan etdi, lakin onun xüsusiyyətlərini açıqlamadı. Həmçinin 500 km mənzilə malik Ukraynanın Sapsan (Thunder-2) ballistik raket layihəsi də məlumdur.

“AzPolitika.info”