İsrailin Baş naziri Benyamin Netanyahu 28 iyulda ABŞ Prezidenti Donald Trampla görüşündə, İranın hərbi potensialını bərpa etdiyini və nüvə bombasını sürətləndirilmiş tempdə yaratmağa çalışdığını göstərən yenilənmiş kəşfiyyat məlumatlarını təqdim etməyi planlaşdırır.

"AzPolitika" xəbər verir ki, Netanyahu Trampı danışıqlar zamanı İranın pis niyyətinə inandırmaq istəyir. İsrail Baş naziri hesab edir ki, Tehran nüvə proqramını inkişaf etdirməyə, raket və pilotsuz sistemlərini modernləşdirməyə davam edir. Netanyahunun məqsədi Trampı təhlükənin ciddiliyinə inandırmaqdır, amma ABŞ-ni birbaşa hərbi münaqişəyə cəlb etməyə və müharibəyə təhrik etməyə çalışan biri kimi görünmək istəmir.

Eyni zamanda, ABŞ administrasiyası son aylarda Netanyahunun bəyanatlarına münasibətini dəyişib. Vaşinqtondakı mənbələr bildirdilər ki, Amerika tərəfi Netanyahunun dediklərinin hamısına böyük şübhə ilə yanaşmaq niyyətindədir, bu təkcə İran məsələsi ilə bağlı deyil. 

Netanyahunun Trampın qərarlarına və ümumilikdə Amerika administrasiyasına təsiri son həftələrdə əhəmiyyətli dərəcədə azalıb. Bunun dolayı təsdiqi Türkiyə ilə F-35 döyüş təyyarələri üzrə razılaşma, Səudiyyə Ərəbistanı ilə nüvə sazişi (İsrailin az məlumatlı olduğu halda) və demək olar ki, İsrailin iştirakı olmadan imzalanan İranla anlaşma memorandumudur.

E. Səlimov

AzPolitika.info