İİV ilə mübarizə proqramlarının maliyyələşdirilməsinin azaldılması xəstəliyin yeni epidemiyasına səbəb ola bilər.
"Report" xəbər verir ki, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) yeni məruzəsində deyilir.
2025-ci ildə inkişaf məqsədləri üçün beynəlxalq yardım rekord səviyyədə - 23 %, İİV ilə mübarizə proqramlarının maliyyələşdirilməsi isə 18 % azalaraq 8,8 milyard dollardan 7,3 milyard dollara düşüb. Bu göstərici, demək olar, son 20 il ərzində ən aşağıdır.
Nəticədə yoxsul ölkələrdə resurs çatışmazlığı yaranıb. Onların bəzilərində profilaktika proqramlarının 90 %-ə qədəri xarici maliyyələşmədən asılı olub. Bir sıra ölkələrdə qoruyucuların alınması və risk qrupları ilə iş xərcləri 50-85 % azalıb.
BMT-nin məlumatına görə, 2025-ci ildə 1,2 milyon insan İİV-yə yoluxub, 570 min nəfər isə QİÇS ilə əlaqəli xəstəliklərdən ölüb. İİV-yə yoluxmuş 41 milyon insandan təxminən 9 milyonu müalicə almır. Təcili tədbirlər görülmədiyi təqdirdə, 2030-cu ilə qədər yeni yoluxma hallarının sayı 3 milyonu keçə bilər.
Bununla belə, UNAIDS hesab edir ki, 2030-cu ilə qədər QİÇS üzərində qələbə qazanmaq hələ də mümkündür. Lakin yeni profilaktika üsullarının yüksək qiyməti və yoxsul ölkələrdə vəsait çatışmazlığı əsas maneələr olaraq qalır.

Şərhlər