Menu

Riyazanda neft zavodu və “Wildberries” anbarı vuruldu – Perm və Rostovda da partlayışlar var

29.07.2026, 10:59
Riyazanda neft zavodu və “Wildberries” anbarı vuruldu – Perm və Rostovda da partlayışlar var

İyulun 29-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Ryazan vilayətində yerləşən Neft Emalı Zavoduna (NPT) və “Wildberries” şəbəkəsinin iri logistika mərkəzinə hücum edib.

Bu barədə Rusiya və Ukraynanın monitorinq “Telegram” kanalları məlumat yayıb.

Logistika mərkəzi evakuasiya olundu, Kiyevdən ittiham var

Məlumata görə, hücuma məruz qalan “Wildberries” çeşidləmə kompleksi Ryazan rayonunun Tyuşevo kəndi yaxınlığındakı “Ryazanski” Sənaye Parkının ərazisində yerləşir. Şirkətdən bildirilib ki, təhlükəsizlik qaydalarına uyğun olaraq anbarın əməkdaşları dərhal evakuasiya edilib.

Qeyd edək ki, son həftələrdə Ukrayna hərbçiləri Rusiyanın müxtəlif regionlarında “Wildberries”ə məxsus bir neçə iri anbara zərbələr endiriblər. Kiyev iddia edir ki, sözügedən şirkətin çatdırılma şəbəkəsindən hərbi təyinatlı malların daşınması üçün istifadə olunur.

Gecə saatlarında zərbəyə məruz qalan digər obyekt — “Rosneft”in tərkibinə daxil olan Ryazan Neft Emalı Zavodudur. Rusiya üzrə ümumi neft emalının təxminən 5%-ni təmin edən və ölkənin ən böyük ilk 5 zavodu sırasına daxil olan bu müəssisə əvvəllər də dəfələrlə PUA hücumlarına məruz qalıb. Xüsusilə, 2026-cı il mayın 15-də endirilən zərbələrdən sonra zavod fəaliyyətini müvəqqəti dayandırmaq məcburiyyətində qalmışdı. Yayılan videogörüntülərdə zərbədən sonra zavod ərazisində güclü yanğının başladığı görünür. Ryazan vilayətinin qubernatoru Pavel Malkov PUA qalıqlarının düşməsi nəticəsində sənaye ərazilərində yanğın baş verdiyini təsdiqləyib. Malkovun sözlərinə görə, hadisə zamanı 6 nəfər xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

Ukrayna PUA-larının və raketlərinin hədəfi yalnız Ryazan olmayıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusar region səmasında 60-a yaxın PUA və bir raketin vurulduğunu iddia edib. Qubernatorun sözlərinə görə, raket qalıqlarının çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində bir qadın həlak olub, iki kişi isə yaralanıb. Zərər çəkmiş binanın sakinləri müvəqqəti yerləşdirmə məntəqələrinə təxliyə ediliblər. Taqanroqda da fərdi evlərə ziyan dəydiyi, dəniz limanı və istehsalat müəssisələrinin ərazisinə PUA qalıqlarının düşdüyü bildirilir.

Eyni zamanda, iyulun 29-u səhər saatlarında Perm şəhərində də partlayış səsləri eşidilib. Məlumata görə, PUA-lar “LUKOİL-Permnefteorgsintez” (PNOS) neft emalı müəssisəsinə hücum edib və nəticədə ərazidə yanğın başlayıb.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol